Şriftin ölçüsü :

Saytın rəngi :

Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında əsaslı yenidənqurma işləri davam etdirilir.

18 mart 2020 | 16:00

Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib. Ölkəmizin bütün regionlarında abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığı və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınır, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulur. Həyata keçirilən bu layihələr şəhər və rayonların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
    Ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılması ilə bağlı tövsiyyə və tapşırıqlarına müvafiq olaraq Şirvan şəhəri ərazisində də geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Görüləcək işlərin bir hissəsi olan Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı xüsusi layihə əsasında yenidən qurulmağa başlayıb. Belə ki, parkı əhatə edən süni göl xüsusi texnikalar vasitəsi ilə təmizlənərək genişləndirilir, kommunikasiya xətlərinin yenilənməsi həyata keçirilir, parkdakı ağacların budanması, cavanlaşdırılması işləri görülür. 
    Layihəyə uyğun olaraq parkda əlavə müxtəlif ağac və kolların əkilməsi, güllərdən müxtəlif kompozisiyaların düzəldilməsi, müasir suvarma sisteminin qurulması, uşaq əyləncə və müxtəlif idman qurğularının quraşdırılması, mini-futbol meydançasının tikilməsi, müasir işıqlandırma sisteminin qurulması nəzərdə tutulub.
   Parkda həyata keçirilən abadlıq və quruculuq işləri sakinlər tərəfindən razılıqla qarşılanır. İnanırıq ki, əsaslı yenidənqurma işlərindən sonra Məhəmməd Füzuli adına Şirvan şəhər Parkı şirvanlıların və şəhərimizin qonaqlarının istirahət mərkəzinə çevriləcəkdir.

Keçidlər