Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və müharibə əlilləri, onların ailə üzvləri daim dövlətin və dövlət başçısının diqqət mərkəzindədir.

24 iyul 2020 | 16:00

Bu bir həqiqətdir ki, hər bir dövlətin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsini təşkil etmək və sosial rifah halını yaxşılaşdırmaqdır. Bu gün real faktdır ki, Azərbaycan dövləti öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Dövlət başçımız İlham Əliyev cənablarının 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididir. Xüsusi ilə də, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin və dövlət başçısının diqqət və qayğısı altındadır. Bu kateqoriyaya aid olan insanlar mənzil və avtomobillər, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. İyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində dövlət başçımız bildirib ki, bu, dövlətin sizə diqqətinin növbəti təzahürüdür. Dövlət başçımız onu da qeyd edib ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Ölkəmizdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində rekord göstəricilərə nail olunması hədəflənib və dövlət başçısı bu proqramın tezliklə başa çatdırılmasına nail olunacağını bəyan edib.
   Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi dövlət başçısının sosial siyasətinin əsas istiqamətlərindən biridir. Ötən il reallaşdırılan sosial paketlər çərçivəsində bu kateqoriyadan olan vətəndaşlar üçün sosial ödənişlərin də ciddi şəkildə artırılması təmin edilib. 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinin birdəfəlik ödəmə(11 min manat) ilə təminatı proqramı da 100 faizə yaxın icra olunub. Eyni zamanda şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı da ildən-ilə gücləndirilir. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla-626 ədəd, 2019-cu ildə isə bundan 50 faiz çox olmaqla-934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə bu sahədə rekord göstərici kimi, azı 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Hansı ki, onlardan artıq 430-u təqdim edilib. Son illərdə 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib, eyni zamanda 7 minə yaxın avtomobil təqdim edilib.
   Pandemiya dövründə dünyada iqtisadi böhran davam edir, dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq heç bir sosial layihə ixtisar edilməyib. Bu da dövlətimizin və dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan xalqına göstərdiyi diqqətin və qayğının təzahürüdür.

   Əfqan Həsənov        Şirvan Gənclər Evinin direktoru

Keçidlər