Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan işğalçıya qarşı vətən müharibəsi aparır

17 oktyabr 2020 | 16:00

Bu gün Azərbaycan güclü, qətiyyətli mövqe nümayiş etdirən müstəqil dövlətdir. Son hadisələr Prezident-xalq-ordu birliyini bir daha nümayiş etdirir. Xalqımız tam əmindir ki, dövlətimizin qətiyyətli mövqeyi, Ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum əməliyyatı, eyni zamanda, insanlarda Vətənə bağlılığı, illərdən bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi deməkdir. Möhtərəm Prezidentimiz daim bəyan edir ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir.
    Əminik ki, bütün işğal altında olan torpaqlarımız öz azadlığına qovuşacaq, Dağlıq Qarabağ və digər rayonlarımız da yağı düşmənin tapdağından azad ediləcək. Artıq qələbə günlərinin sevinci ilə yaşayırıq. Var olsun Azərbaycan! Yaşasın Şanlı Ordumuz, qəhrəman, mərd və igid əsgərlərimiz. Övladlarımız igid bir xalqın cəsarətli oğulları kimi cəbhədə vuruşduqca qürur duyuruq. “Hər şeydən keçilər Vətəndən keçilməz” deyirik. Azərbaycan, onun övladları Vətən müharibəsi aparır, Vətən uğrunda şəhid olur. İşğal altında olan torpaqlarımızın azad olunması, şəhidlərimizin ruhu qarşısında borcumuzun yerinə yetirilməsi deməkdir. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını bəyan edən möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyətlə və inamla bildirir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bəlkə indiyədək Azərbaycan dilində özünəməxsus missiyası olan nida işarəsi heç bir zaman belə qətiyyətli görünməyib. Çünki Qarabağ Azərbaycandır! hökmü ölkə rəhbərinin dilində israrla, qətiyyətlə, inamla təsdiq edilir!

Əziz Abbasov,
Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini

Keçidlər