Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək.

25 oktyabr 2020 | 16:00

27 sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı əks hücum əməliyyatlarına başladığı gündən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev dünyanın bir çox aparıcı telekanallarına müsahibə verib. Müsahibələrində Azərbaycanın haqlı mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində yorulmadan mübarizə aparır.  23 oktyabr 2020-ci il tarixdə cənab Prezident növbəti müsahibəni Yaponiyanın “Nikkei” qəzetinə vermişdir. Qəzetin muxbirinin suallarına dolğun cavablar verən Ali Baş Komandan ATƏT-in Minsk qrupunun fəaliyyəti,  həmsədr ölkələrin  vasitəçilik missiyası ilə bağlı sualı cavablandıraraq qeyd etdi ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. Yaxın vaxtlarda Moskvada baş nazirlərin görüşünün  olacağını  qeyd edən Prezident İlham Əliyev belə görüşlərin 30 il ərzində dəfələrlə keçirildiyini və Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivlərinin çox uzaq olduğunu qeyd etdi. Təbii ki, belə olan halda Azərbaycan haqlı mübarizəsini davam etdirərərək müharibə yolu ilə işğal altında olan torpaqlarını düşmən tapdağından azad edəcək. Artıq bütün xalqımız hər gün cənab Prezidentin çıxışlarını həsrətlə gözləyir.  Ali Baş Komandan hər gün rəşadətli ordumuz tərəfindən işğaldan azad olunan torpaqların adlarını açıqladıqca xalqımız həm cənab Prezidentə və həm də ordumuza inanmaqla yanılmadığına əmin olur.
   Müharibənin getdiyi 1 aya yaxın bir müddətdə 2 dəfə hümanitar atəşkəs elan olunub. Lakin heç birində Ermənistan rəhbərliyi atəşkəs rejiminə əməl etməyib. Cənab Prezident “Nikkei” qəzetinə müsahibəsi zamanı bu məqama da toxunaraq qeyd etdi ki, Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır.  Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi. Atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və  Minsk qrupu tərəfindən rədd edilmişdir.
   Azərbaycan dövləti 1994-cü ildən başlayaraq sülh danışıqlarına hazır olduğunu dəfələrlə bəyan etdi. Bu danışıqların aparılması  ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılmağa başladı, lakin Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan bu qətnamələrə məhəl qoymadıqda artıq   Azərbaycan öz müqəddəratını özü həll etmək, işğal altında olan olan torpaqlarını azad etmək qərarına gəldi. Bunun isə bir yolu var – Müharibə.  Azərbaycan haqlı mübarizəsində qalib gəldikdən, Erməni silahlı qüvvələrini torpaqlardan tam təmizlədikdən sonra Dağlıq Qarabağda yaşayan ermənilərin taleyinə aydınlıq gətiriləcək. Lakin Dağlıq Qarabağda referendumun keçirilməsi qəbuledilməzdir. Cənab Prezidentin də səsləndirdiyi ki: Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək.
   Ermənistan bu müharibədə uduzmamaq, Azərbaycan torpaqlarından çıxmamaq üçün hər cür təxribata əl atırlar. Artıq orusunun tükəndiyini, döyüş qabiliyyətinin olmadığını görən Ermənistan Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir. Onların Qarabağda Azərbaycana qarşı döyüşməsini min bir yalanla leqallaşdırmağa çalışan erməni rəhbərliyi artıq məqlubiyyətin bir addımlığında olduğunu anlamır. Çünki Azərbaycan özü döyüşür. Heç bir xarici döyüşçüyə ehtiyac yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri var. Bu da o deməkdir ki Azərbaycan əsgəri öz torpağı, öz bayrağı, öz xalqı uğrunda döyüşür. Bu yekunda ölümlədə nəticələnə bilər, lakin Azərbaycan əsgəri bundan qorxmur. Erməni muzdlular isə Azərbaycan əsgərinin qarşısında dayanmaq iqtidarında deyil.
   Azərbaycan haqq mübarizəsinə başladığı ilk gündən xalqımızın birliyini, həmrəyliyini bütün dünya gördü. Bu birliyə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox siyasi partiya da qoşuldu və onlar bu mübarizədə Ali Baş komandan İlham Əliyevi, dolayısıyla Azərbaycan xalqının həmrəyliyini, ərazi bütövlüyümüzü dəstəklədiklərini bəyan etdilər. Təəssüflə qeyd edirəm ki, bu birliyə qoşulmalı olan, lakin qoşulmayan iki partiya həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat yenə də dövlətimizi dəstəkləmədi, Ali Baş Komandanı dəstəkləmədi və bununla da əsl simalarını Azərbaycan xalqına bir daha göstərdilər. 
  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 1 ay ərzində keçən 17 illik Prezidentliyi dövründə necə böyük işlər gördüyünü, müxalif partiyaların lazımsız bəyanatlarına məhəl qoymadan böyük idarəçilik təcrübəsinin olduğunu bir daha sübut etdi. 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü, Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı, Yeni Azərbaycan Partiyasının sədr müavini müavini kimi fəaliyyət göstərən, Baş Nazir olan Prezident İlham Əliyev həqiqətən  də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, əsl lider, əsl siyasətçi, əsl diplomat olduğunu bütün dünyaya göstərdi. Bu illər ərzində Prezidentin daim yanında olan, həqiqətən də bütün Azərbaycan xalqının sevimlisinə çevrilən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da parlaq siyasi karyerası var. Həm parlamentin üzvü kimi, həm  Heydər Əliyev Fondunun prezidenti kimi və həm də Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanin   sosial və humanitar sahələrlə bağlı olan layihələrdə imzası var. Ona ünvanlanan heç bir müraciət indiyədək cavabsız qalmayıb və minlərlə Azərbaycan vətəndaşı onun qayğısı və dəstəyini görüb.  Bu gün həm Prezident İham Əliyevin siyasi iradəsi və həm də I Vitse prezident Mehriban xanım Əliyevanın əzmi ilə Azərbaycan böyük qələbələrə imza atır və buna davam edəcək.
   Bugün Azərbaycan öz haqlı mübarizəsini davam etdirir. Bu yolda Azərbaycan dəstək olan Türkiyə, Pakistan, İsrail və.s dövlətlərə xüsusi təşəkkür edirəm. Türkiyə ilə Azərbaycan tarixi köklərə əsaslanan qardaş dövlətlərdir. “Nikkei” qəzetinə müsahibəsi zamanı bu mövzuya da toxunan Ali Baş Komandan bildirdi ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ dezinformasiya idi. Onların ordusu qaçır. Azərbaycan ordusu onları məğlub edir. Müsahibə zamanı sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlərin olmasına da toxunan Prezident İlham Əliyev bunun  müvəqqəti xarakter daşıdığını, milli təhlükəsizlik məsələsi olduğunu və bu yolla informasiya sistemimizi erməni təxribatından qoruduğumuzu bildirdi.
          Bəli hər şey vətən üçün, mübarizəmiz üçün, qəbəmiz üçün. Hər bir çətinliyə dözməli, cənab Ali Baş Komandanın bütün tapşırıq və tövsiyyələrinə əməl etməli, birlik və həmrəylik nümayiş etdirməliyik. O zaman bizə heç kim qalib gələ bilməz. Biz cənab Ali Baş Komandanımızın siyasi iradəsi, rəşadətli Ordumuzun gücü ilə tarixi torpaqlarımızı azad edəcək, sülh və əminamanlıq içində yaşayacağıq. Bu yolda başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqına, Azərbaycan Ordusuna uğur arzu edirəm. Qarabağ Azərbaycandır.


    Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov

Keçidlər