Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.

25 oktyabr 2020 | 16:00

Oktyabrın 20-də möhtərəm Prezidentimiz İlham Əliyev xalqa müraciətində səsləndirdiyi bəyanatlarda 30 ilə yaxın müddətdə işğalçı Ermənistan üçün vaxt qazanmaq məqsədilə sadəcə sözlə missiyalarını bitmiş hesab edən ATƏT-in Minsk qrupunun həmsədlərinin, dünya birliyinin ikili siyasətinə  bir daha diqqəti yönəldərək bildirmişdir ki, beynəlxalq münasibətlərdə  hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi.  Onlar, sadəcə olaraq, kağızda qaldı. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Nəzərə alsaq ki,  Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa BMT Təhlükəsizlik Şurasının  daimi üzvləridir, bu ölkələrin iştirakı və  səsverməsi ilə qurum Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bəyanatlarla kifayətlənib işğalçını  bu günədək adı ilə çağırmamaq  Ermənistana açıq-aşkar  dəstək olsa da, rəsmi Bakı  yenə də münaqişənin sülh danışıqları əsasında ədalətli həllinə səy göstərdi. Azərbaycanın  beynəlxalq təşkilatlarda fəaliyyətinin əsas məqsədi bu idi ki, hüquqi baza təkmil olsun, möhkəmlənsin və buna da nail olundu. Bu gün  Azərbaycan döyüş əməliyyatını məhz beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir.
   Ermənistanın son addımları, baş nazir Nikol Paşinyanın sərsəm bəyanatları onun danışıqların davam etdirilməsi istəyində, bunun üçün dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara yalvarışlarında riyakarlığını nümayiş etdirir: “Ermənistanın baş nazirinin “münaqişənin diplomatik həlli yoxdur” açıqlaması  növbəti dəfə nümayiş etdirdi ki,  problemin danışıqlar yolu ilə həllində maraqlı deyil. N.Paşinyan  bütün hakimiyyət orqanlarını,  mülki əhalini  silahlanmaya çağırmaqla onları açiq-aydın hərbi əməliyyatlara sövq etdiyini nümayiş etdirir. Ən əsası bu açıqlamanın hansı ərəfəyə təsadüf etdiyi də diqqətdən kənarda qalmır. Bu baxımdan ki, oktyabrın 20-21-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvaya işğüzar səfərləri oldu. Bu gün isə  ABŞ-ın təşəbbüsü ilə  Vaşinqtonda  Xarici İşlər nazirləri səviyyəsində  görüş keçiriləcək.  Ermənistanın baş nazirinin məlum açıqlaması  Rusiyanın və ABŞ-ın danışıqlar prosesinin bərpası ilə bağlı vasitəçiliklərinə hörmətsizlikdir. Amma düşünmürük ki, Ermənistanın bu riyakarlığına görə də ona  hansısa təzyiq göstərilsin.
   30 il dünya dövlətlərinin maraqlarının toqquşması fonunda  Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymamasına şərait yaradıldığı halda, bu gün həmin dövlətlərin Azərbaycan Ordusunun, dövlətimizin qətiyyətinin, xalqımızın iradəsinin əsasında işğal altında olan torpaqlarımızı azad etmək əzmini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində  atdığı addımları  görüb danışıqlar prosesini bərpa etmək üçün cəhdlər göstərməsi birmənalı qarşılanmır. ATƏT-in Minsk qrupunun həmsədrləri 28 illik fəaliyyətlərinə diqqət yetirsələr məqsədlərinin nədən ibarət olduğunu  aydın şəkildə görərlər. Möhtərəm  Prezidentimiz  İlham Əliyev bu günlərdə  Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində də   Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırarkən  Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, “Əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Minsk qrupunun həmsədrlərinin zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün, ən əsası hazırda Ermənistanın döyüş meydanında  məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlarını görmək istərdik.”
   Bugünümüzün reallığı budur ki, dövlət-xalq-ordu birliyi əsasında tarix yazılır. Bütün işğal altında olan torpaqlarımızda  Azərbaycan bayrağının dalğalanacağına sayılı günlər  qalır. Bu əminliyi də böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin zəfər sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu  Ordu,  Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazılacaq. Növbəti mərhələdə cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək.

Ramil Tağıyev,
Təhsil RİM Şirvan Şəhər Uşaq Gənclər İdman-Şahmat Məktəbinın direktoru

Keçidlər