Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır

26 oktyabr 2020 | 16:00

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibədə “əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın Baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi” sualına cavabında deyib.
   Dövlət başçısı qeyd edib ki, belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaq: “Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın Baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Buna görə də biz Ermənistan hökumətinə sübut etməli idik ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Biz onların cəzasını yerində veririk, biz ərazilərimizi azad edirik”.
   Ermənistanın növbəti təxribatından sonra işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Vətən müharibəsi başlamışdır. Artıq bir aya yaxın müddətdir ki, davam edən müharibə başlandığı ilk saatlardan bu günə kimi müzəffər ordumuzun qələbə xəbərləri ilə xalqımızı sevindirməkdədir. Bu müddətdə Azərbaycanın 3 şəhəri, 3 qəsəbəsi, 140-dan çox kəndi və bəzi strateji yüksəkliklər işğaldan azad edilmiş və tam nəzarətə götürülmüşdür. Beləliklə, xalqımızın uzun illər həsrətində olduğu qələbə anı addım-addım yaxınlaşmaqdadır. Biz tam əminik ki, Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qısa müddət ərzində işğaldan azad olunacaq.
Azərbaycan Vətən müharibəsini yalnız cəbhədə deyil, həm də siyasi-diplomatik və informasiya müstəvilərində aparır. Qeyd edək ki, Ermənistanla informasiya müharibəsinə birbaşa cənab Prezident İlham Əliyev özü başçılıq edir. Ölkə başçımız hər gün müxtəlif ölkələrin kütləvi informasiya vasitələrinə müsahibələr verərək haqq savaşımızın dünyada düzgün işıqlandırılmasına şərait yaradır. Ölkə başçısının son belə müsahibələrindən biri Yaponiyanın məşhur qəzeti “Nikkei”yə olmuşdur. Müsahibədə Qarabağ məsələsindən əlavə olaraq beynəlxalq enerji layihələrimiz, Azərbaycanda iqtisadiyyatın şaxələndirmə proqramı, siyasi partiyaların fəaliyyəti, sosial şəbəkə sistemlərində məhdudiyyətlərin tətbiqi və d. bir çox məqamlara toxunulmuşdur.
   Cənab Prezident müsahibəsində Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüşün keçirilə biləcəyini bəyan etdi və əlavə etdi ki, belə görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Ölkə başçısı onu da vurğuladı ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.
   Məlumdur ki, Azərbaycan daima sülhə dəstək olan ölkə olmuşdur. Artıq 28 ildir ki, torpaqlarımızın təcavüzə uğramasına baxmayaraq biz həmişə münaqişənin sülh yolu ilə həllinə çalışmışıq. Ancaq hazırki vəziyyətdə bu qeyri-mümkündür. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər var. Bu hərəkətlər sülh ehtimalının üstündən xətt çəkir.  Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır. Münaqişənin hazırkı vəziyyətinin məsuliyyəti tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinn üzərindədir.
   Daha sonra birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəblərindən də danışan ölkə başçısı bunun səbəkarının Ermənistan tərəfi olduğunu çox ciddi arqumentlərlə bir daha bəyan etdi. Fikrinin davamında çox vacib bir açıqlama verən ölkə başçısı bildirdi ki: “ Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik”.
   Ölkə başçısı müsahibədə bir daha prinipial mövqedən çıxış edərək, bildirdi ki, Azərbaycanın  danışıqlar masasına oturması üçün Ermənistan yeddi rayonu boşaltmağa dair öhdəlik götürməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır.
Jurnalistin Türkiyənin Qafqazdakı məsələlərlə bağlı daha çox söz sahibi və bu danışıqlar prosesində daha fəal olmağını istərdinizmi sualına da ölkə başçısı açıq şəkildə cavab verdi. Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır. Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir
   Müsahibənin diqqət çəkən məqamlarından biri də Dağlıq Qarabağda referendum və ermənilərin öz müqəddəratını təyinetmə hüququ ilə bağlı oldu. Cənab Prezident Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini dəqiq şəkildə bəyan etdi: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq......... Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir.
Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır”.Daha sonra jurnalist müharibə mövzusundan bir qədər uzaqlaşaraq, beynəlxalq enerji layihələri ilə bağlı sualla Azərbaycan Prezidentinə müraciət etdi. Azərbaycanda kəmərlərin təhlükəsizliyi ilə bağlı narahatlığın olub-olmadığı barədə suala cavab verərkən ölkə başçısı bildirdi ki, kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar kəmərlərə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Ölkə başçısı vurğuladı ki, əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar.
   Sonda ölkə başçısı, sülhün bölgənin simasını müsbət mənada dəyişəcəyini də bildirdi. Ölkə başçısı vurğuladı ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Strateji tərəfdaşıq çərçivəsində Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələr var. Bir-birimizi dəstəkləyirik, yaxşı qonşu və dostuq.
   Ölkə başçısı əminliklə vurğuladı ki, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Danışıqlar aparılan zamanı əvvəlki Ermənistan hökumətinə mesajlar göndərilmişdir ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi layihələri icra edə bilər. Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün kommunikasiyaları açacağıq. Həmçinin Türkiyə hökumətinin mövqeyi belədir ki, Ermənistanın əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir.

Azər Quliyev,

Gənclər və İdman İdarəsinin rəisi

Keçidlər