Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il keçir.

21 noyabr 2020 | 16:00

1988-ci ildən başlayaraq ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
   1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə konfrans keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri, habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
   Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır.
   1993-cü ilin oktyabr ayının 3-də Yeni Azərbaycan Partiyasının sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının  Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir.
    Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının I Qurultayında yenidən partiyanın Sədri seçilmişdir.
   Partiyanın 2001-ci ilin noyabr ayının 21-də keçirilən II Qurultayı təşkilatın həyatında taleyüklü qərarlar qəbul etmişdir. Partiyanın Nizamnaməsinə dəyişikliklər edilmiş və yeni təsis olunan sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçilmişdir.
   2003-cü ilin oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində YAP Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Baş naziri cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
   Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir.
   2020-ci ilin mart ayına olan məlumatlara əsasən Yeni Azərbaycan Partiyasının 756 min nəfərdən çox üzvü var.

Keçidlər