Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin komandası “Nə? Harada? Nə zaman?” intellektual oyununun respublika kubokunun qalibi olub.

01 aprel 2021 | 16:00

Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin “Moonlight” komandası Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı şəhər-Bakı” layihəsi çərçivəsində VI-IX sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə keçirilən onlayn respublika kubokunun qalibi olub. Bu münasibətlə 1 aprel 2021-ci il tarixində Şirvan Gənclər Evində qaliblərin mükafatlandırma mərasimi keçirilib.
   Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin nümayəndələri  iştirak edib. Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev bu cür intellektual oyunların əhəmiyyətindən söz açaraq bildirib ki, məhz Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ilk 3 Dünya Çempionatı və Millətlər Kuboku Bakıda təşkil edilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaradılması, istedadlı gənclərin üzə çıxarılması, onların cəmiyyətə inteqrasiya olunması məqsədilə bilik yarışlarına diqqət və qayğı daha da artırılıb. Şirvan şəhərinin məktəbliləri də həmişə bu yarışlarda yüksək səviyyədə təmsil olunub və müxtəlif yerlər tutublar. Yarışın tarixində ilk dəfə region məktəbinin qalib gəlməsi sevindirici haldır və Şirvan şəhəri üçün böyük uğurdur. 450-dən çox komandanın iştirak etdiyi yarışın final mərhələsində 133 komanda vəsiqə qazanıb. Nəticələrə əsasən, Şirvan şəhəri 1 nömrəli məktəb-liseyin “Moonlight” komandası I, Bakı şəhəri 234 nömrəli tam orta məktəbin “İstiqlal” komandası II, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin “Cavanşir yurdu” komandası isə III yerə layiq görülüb.
   Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin məsul işçiləri Aynur Fərzəliyeva, Samirə İsmayılova, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, 1 nömrəli məktəb-liseyin direktoru Rəfiqə Atayeva Şirvan şəhərini intellektual oyunda yüksək səviyyədə təmsil etdiklərinə və qalib gəldiklərinə görə komanda üzvlərini təbrik edib və onlara təhsil pillələrində uğurlar arzulayıblar. Gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün inkişaf etdirilməsi sahəsində dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Sonda 1 nömrəli məktəb-liseyin “Moonlight” komandasının üzvlərinə kubok, diplom, medal və pul mükafatı təqdim olunub və qaliblərlə xatirə şəkili çəkilib.

   Mətbuat xidməti

Keçidlər