Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalanıb.

07 iyul 2021 | 16:00

7 iyul 2021-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Fərman imzalayıb. Fərmana əsasən, iqtisadi rayonların sayı artırılaraq 14-ə çatdırılıb.
   1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);
   2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
   3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
   4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
   5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
   6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
   7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
   8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
   9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
   10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
   11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
   12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
   13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
   14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
   Beləliklə, iqtisadi rayonların yeni bölgüsünə əsasən, Abşeron iqtisadi rayonu Bakı (Bakı şəhəri) və Abşeron-Xızı iqtisadi rayonuna (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) bölünüb.
   Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonları), Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları) və Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları) olduğu kimi saxlanılıb.
   Aran iqtisadi rayonu əsasında 3 iqtisadi rayon - Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları), Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) və Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) formalaşdırılıb.
   Gəncə-Qazax iqtisadi rayonu Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları) və Qazax-Tovuz iqtisadi rayonuna (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları) bölünüb.
İndiyə qədər mövcud olan Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları, o cümlədən Aran iqtisadi rayonundan Ağcabədi və Bərdə inzibati rayonları əsasında Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılıb.
   Naxçıvan iqtisadi rayonu da tam saxlanılıb.
   Lənkəran iqtisadi rayonu və Aran iqtisadi rayonundan Cəlilabad rayonu əlavə edilməklə Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları) formalaşdırılıb.
   Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədləri üçün həmin Dövlət Proqramında göstərilmiş iqtisadi rayonların bölgüsünün tətbiq edilməsi müəyyən edilmişdir.

Keçid üçün link - https://president.az/articles/52389

Mətbuat xidməti

Keçidlər