Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən Müharibəsi şəhidi Cəfərov Yusif Mübariz oğlunun anım günü qeyd edilib.

04 noyabr 2021 | 16:00

04.11.2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Şəhər prokuroru Kamal Talıbov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Cəfərov Yusifin məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbr diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan İcra başçısı həmin qələbədə payı olan Yusif kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. Şəhidlik zirvəsinə ucalan Yusifin təkcə şirvanlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir azərbaycanlının qürur duyduğunu vurğulayıb. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Vətən müharibəsində olduğu kimi xalqımızın bundan sonra da ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, düşmənin qorxulu kabusuna çevrilən Dəmir yumruq kimi möhkəmlik, həmrəylik nümayiş etdirəcəklərini bildirib.
    Millət vəkil İltizam Yusifov çıxış edərək şəhidlərimizin qanının yerdə qalmadığını, müharibənin Zəfərlə başa çatdığını qeyd edib. Qalib xalq olduğumuz üçün başımızı dik tutmalı, Şəhidlər Xiyabanında müqəddəs şəhid ruhlarının qarşısından qürurla keçməli olduğumuzu diqqətə çatdırıb.
    Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev çıxış edərək bildirib ki, otuz ilə yaxın işğal altında olan torpaqlarımız ordumuzun gücü, xalqımızın Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi sayəsində azad edildi. Bu yolda şəhidlər verdik. Onların qəhrəmanlığı xalqımıza qələbə sevinci yaşatdı. İllərlə həsrətində olduğumuz doğma yurdlara qovuşduq. Bu, xalqımızın ən yeni, şanlı, şərəfli tarixidir. Bu tarixi qanları ilə yazan şəhidlər hər birimiz üçün çox əziz və müqəddəsdir. Şəhidlərin unudulmaz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin sədri İlkin Məmmədov 44 günlük müharibədə müəllifi Qalib Ali Baş Komandan olan qəhrəman oğullarımızın baş rolda iştirakı ilə son iki yüz ilin ən şərəfli və əzəmətli filminin yarandığını və Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi yazdığını söyləyib.
    Sonra tədbir iştirakçıları şəhid Cəfərov Yusifin vaxtilə yaşadığı məhəllədə yaradılan xatirə guşəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar. Şəhidin anası Gülbəniz xanım çıxış edərək övladı ilə qürur duyduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
    Qeyd edək ki, Şəhidimiz Cəfərov Yusif Mübariz oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Mətbuat xidməti

Keçidlər