Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidi Əliyev Ramil Vüqarəddin oğlunun cənnətdəki doğum günü Şirvan şəhərində izdihamla qeyd olunub.

09 dekabr 2021 | 16:00

9 dekabr 2021-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə yüksələn  Şirvan şəhərinin qəhrəman oğlu Əliyev Ramil Vüqarəddin oğlunun doğum günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Əliyev Ramil Vüqarəddin oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə Əliyev Ramil Vüqarəddin oğlunun  anasına təşəkkür edib və Allahdan ona səbir diləyib. Qeyd edib ki, bu gün hər kəs Vətən uğrunda ən şirin nemət olan canını fəda etməklə ən uca zirvəyə yüksələn Ramilin o ucalıqdan şölələnən işığına yığışıb. Ramil və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların gənc yaşda əbədiyyətə qovuşması xalqımızın başını önə əysə də, onların əldə etdikləri Şanlı Qələbə sayəsində məğrur dayandığımızı və qurur hissi keçirdiyimizi diqqətə çatdırıb. Şəhidliyin kainatın ən yüksək zirvəsi olduğunu vurğulayıb və bildirib ki, illər keçsə də, nəsillər dəyişsə də şəhidlərimiz heç vaxt unudulmayacaqlar. Ona görə də qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı onların müqəddəs ruhu qarşısında baş əyir və ehtiramla yad edir. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
    Millət vəkili İltizam Yusifov çıxışında qeyd edib ki, şəhidlərimiz öz ölümləri ilə bizə Vətən sevgisinin necə ali bir hiss olduğunu bir daha göstərdilər. Harada bir şəhid məzarı varsa, o yer ziyarətgahdır. Bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyevlə görüşən türk dünyasının fəxri, Nobel mükafatçısı Əziz Səncarın çıxışından misal gətirərək qeyd edib ki, Qarabağ savaşı ilə bir daha bütün dünya gördü ki, torpaq qanla alınır. Müstəqillik verilmir, yalnız alınır. İstiqlal savaşından 100 il sonra Azərbaycanın mərd oğulları sübut etdi ki, türk torpağı işğalda qala bilməz. 
    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Ramilin və onun silahdaşlarının xatirəsinin daim əziz tutulacağını, onların bizə həyatları bahasına ərmağan qoyduqları vətən torpaqlarının göz bəbəyi kimi qorunacağını söyləyib. 
    Şəhid Ramil Əliyevin döyüş yoldaşı Vüsal Ramilin döyüşdə göstərdiyi şücaətdən bəhs edib. Ramilin yüksək insani keyfiyyətləri ilə sağ ikən şəhidlik məqamına yaraşdığını bildirib.
    Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndərin və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
    Sonra tədbir iştirakçıları şəhid Ramil Əliyevin yaşadığı binanın həyətində yaradılan xatirə guşəsinin qarşısında şəhidin keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açıblar.
    Daha sonra şəhid Ramil Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Şəhidin vaxtilə oxuduğu 9 nömrəli tam orta məktəbin şagirdləri bədii kompazisiya ilə çıxış ediblər. Şirvan şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev Şəhər İcra Hakimiyyəti adından şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim edib.
    Şəhid Ramil Əliyevin anası Xuraman xanım çıxış edərək övladı ilə qürur duyduğunu bildirib və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
    Allah rəhmət eləsin!
    Şəhidlər ölməz, Vətən bölünməz!

Mətbuat xidməti

Keçidlər