Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriki

31 dekabr 2021 | 16:00

Əziz şirvanlılar !

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə xoşbəxt həyat, firəvanlıq, sevinc dolu günlər arzu edirəm.
    Ulu Öndər Heydər Əliyevin milli birliyimizə və həmrəyliyimizə xidmət edən fəaliyyəti sayəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin16 dekabr 1991-ci il tarixli qərarı ilə dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunmuş, dünya azərbaycanlılarının qurultayı keçirilmiş, soydaşlarımızın vahid ideologiya, mənəvi dəyərlər ətrafında birliyi təmin edilmişdir.
    Çox təqdirəlayiq, qürurverici haldır ki, Ulu Öndərin müstəqil dövlətçilik konsepsiyası, milli ideologiyamızın əsas prinsipləri bu gün də Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
    Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz geniş təbliğ edilir. Azərbaycan həqiqətləri, xalqımızın tolerant, multikultural həyat tərzi dünya ictimaiyyətinə çatdırılır.
    Regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, Müzəffər Ordumuzun Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin möhkəmləndirilməsi, işğaldan azad edilən şəhər və rayonlarımızda böyük infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
    Regionda və dünyada yaşanan gərginliyə, hərbi münaqişələrə, iqtisadi və siyasi katakilizimlərə, COVİD-19 infeksiyasının yaratdığı problemlərə baxmayaraq 2021-ci il bütövlükdə ölkəmizin, o cümlədən Şirvan şəhərinin sosial-iqtisadi inkişafında böyük uğurlarla tarixə çevrilir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə şəhərimizdə geniş miqyaslı abadlıq-quruculuq işləri aparılmış, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkı əsaslı təmir edilmiş, parkda “Qarabağ” və “Zəfər” xiyabanı, yeni yaşıllıqlar salınmış, atraksionlar, “İDEA” İctimai Birliyinin idman qurğuları, işıqlandırma sistemi quraşdırılmış, gül və ağaclar əkilmiş, əraziyə tamet tavalar döşənmiş, göl və kanal yaradılaraq su gəzintisi təşkil edilmişdir.
    “Şəhidlər Xiyabanı”nda təmir-bərpa işləri aparılmış, 20 şəhidin məzarüstü abidəsi qara mərmərdən quraşdırılmışdır. Xiyabanda “Əbədi məşəl” kompleksi əsaslı təmir edilmiş,  Şəhid Analarının şərəfinə “Şəhid Anası” abidə kompleksi ucaldılmış, şəhərin mərkəzi meydanında şəhidlərin şəkillərini, barələrində məlumatları əks etdirən müasir manitor quraşdırılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamı ilə müxtəlif ordenlərlə təltif olunmuş 5 şəhidimizin adları yaşadıqları küçələrə verilərək əbədiləşdirilmişdir.
    Şəhərin küçə və prospektlərinin işıqlandırılması işlərinə başlanılmış, məhəllələrdə abadlıq-quruculuq işləri aparılmış, mərasim evləri təmir  edilmiş, sakinlər üçün əyləncə, istirahət guşələri yaradılmış, idman qurğuları inşa edilmişdir.
    Şəhərin içməli su təchizatı sisteminin yenidən qurulması, kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, avtomobil yollarında, park və xiyabanlarda bərpa işləri aparılmış, yeni yaşıllıqlar salınmışdır.
    Görülən tədbirlər nəticəsində sakinlərin mənzil-məişət şəraiti və sosial rifah halı daha da yaxşılaşmış, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, aztəminatlı ailələrə diqqət və qayğı artırılmışdır.
    Mən bu yeni il ərəfəsində Şirvan şəhərinin hərtərəfli inkişafında fədakar əməyi ilə fərqlənən insanlara öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
    İnanıram ki, şirvanlılar həmişə olduğu kimi bundan sonra da dövlət müstəqilliyimizin, milli birlik və həmrəyliyimizin möhkəmlənməsinə öz əməli fəaliyyətləri ilə yeni töhfələr verəcəklər.
    Bu inamla da Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha ürəkdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı, bol ruzi-bərəkət arzu edirəm.

Bayramınız mübarək olsun.

Keçidlər