03 noyabr 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Gənclər və İdman İdarəsi və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində 8 noyabr “Zəfər Günü” nə həsr olunmuş “Zəfər Salnaməmiz” adlı tədbir keçirilib.
Tədbirdən öncə Şirvan Şəhər Şəhidlər Xiyabanını ziyarət edilib.
Sonra Heydər Əliyev meydanında 8 noyabr “Zəfər Günü” ilə əlaqədar yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi haqqında məlumat verib. Qeyd edib ki, 44 gün davam edən müharibə təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Noyabrın 10-da Azərbaycan RespublikasınınPrezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək bildirib ki, Vətən Müharibəsinin birinci günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan edib. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirib. Saat 15 radələrində dövlətimizin başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və Prezident İlham Əliyev aidiyyəti qurumlara verdiyi göstərişlər əsasında Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan edib. Dövlət başçısının xalqa müraciətində dediyi "Qarabağ Azərbaycandır" sözləri hər bir azərbaycanlını Şanlı Zəfərə kökləyən əsas şüara çevrilib.
Sonra çıxış edən Vətən müharibəsi qazisi Elvin Abbasov qazanılan qələbədə şəhidlərimizin rolunu qeyd edərək Vətən müharibəsində həm ön cəbhədə, həm də beynəlxalq aləmdəki fəaliyyətinə görə Ali Baş Komandana minnətdarlığını bildirib.
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva qeyd edib ki, Vətən müharibəsində Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib və düşmən üzərində tarixi zəfər çalıb.
Tədbir Vətən müharibəsindən bəhs edən qısa videorolikin nümayiş olunması ilə sona çatıb.
Mətbuat xidməti