1 – İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Şirvan şəhərində silsilə tədbirlə qeyd edilib.
İyunun 1-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhid ailələrinin üzvləri, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə öncə şəhərin mərkəzi meydanında ucalan Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Sonra məktəblilərin hazırladığı rəsm və əl işlərindən ibarət sərgiyə və müxtəlif peşə stendlərinə baxış keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov uşaqları 1 – İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə uşaq problemlərinin həlli və gənc nəslin rifahının yüksəldilməsi dövlət siyasətinin ən prioritet istiqamətlərindən birini təşkil edir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti uşaqlarımızın hərtərəfli, ahəngdar və sağlam inkişafının təmin edilməsinə yönəlmişdir.
Ulu Öndərin uşaq fəlsəfəsinə dayanan bu ali diqqətin, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni keyfiyyət mərhələsinə qaldırıldığını diqqətə çatdıraraq, dövlət başçısının müvafiq sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsinin uşaqlara sonsuz qayğısının bariz nümunəsi olduğunu bildirib.
Vurğulayıb ki, Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.
Həmçinin qeyd edib ki, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi uğurlu layihələr bu siyasətin ən humanist təzahürüdür. Fondun təşəbbüsü ilə icra olunan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkəmizin dörd bir yanında uşaqlarımızın müasir təhsil mühiti ilə təmin olunmasına xidmət edir. Bununla yanaşı, “Talassemiyasız həyat naminə” layihəsi, körpələr evi və internat məktəblərinin əsaslı təmiri, həmçinin uşaq evlərindən məzun olan gənclərin mənzil təminatı birbaşa Mehriban xanımın xüsusi himayəsi ilə reallaşır.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan tədbirdə çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev uşaqları bayram münasibətilə təbrik edib, uşaqların sağlam, təhlükəsiz və hərtərəfli inkişafının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, təhsil müəssisələrində şagirdlərin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların sosial rifahına və hüquqlarının qorunmasına da xüsusi diqqət yetirilir. Müasir təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışaraq, uşaqların gələcəyin qurucuları olduğunu qeyd edib, keyfiyyətli təhsilin vacibliyini diqqətə çatdırıb.
Tədbir Şirvan şəhəri, Salyan, Biləsuvar, Hacıqabul və Neftçala rayonun ümumtəhsil məktəblilərinin ifasında rəngarəng konsert programı ilə davam edib.






