12 noyabr Konstitusiya günüdür.
12 noyabr 2022 | 12:29
Müstəqil Azərbaycanın inkişafında önəmli tarix
1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3 konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı. 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Bunun üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya Konstitusiya layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə çıxarıldı. Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”
1995-ci il noyabrın 12-də ölkədə keçirilən referendumda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına əhəmiyyətli dəyişikliklər və əlavələr edilibdir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan veribdir.
Artıq 27 ildir noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edirik.
Xudaverdiyev Valeh
YAP Şirvan şəhər təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi