Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhərində vətəndaşlarla görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, dekabrın 24-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhərində vətəndaşlarla görüşmüşdür.
Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şirvan şəhər Mərkəzi Kitabxanasına uşaq ədəbiyyatının verilməsi, Şirvan Dövlət Rəsm Qalereyasının fondunun yenilənməsi, Uşaq Musiqi məktəbinin yeni tədris proqramları, elektron dərsliklər və musiqi alətləri ilə təmin olunması, Şirvan Şəhər Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiyanın yenidən qurulmasına köməklik göstərilməsi, Heydər Əliyev Mərkəzinin əməkdaşlarının bilik və bacarıqlarının artırılması üçün ixtisasartırma kurslarına və təcrübə mübadiləsinə göndərilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşlar tərəfindən müraciətlər səsləndirilmişdir.
Qəbulda vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər nazir müavini Vaqif Əliyev tərəfindən fərdi qaydada dinlənilmiş, qaldırılan məsələlərin müəyyən qismi yerində öz həllini tapmışdır. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilmişdir.
Sakinlər, bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə, müraciətlərə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.