31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ümumşəhər tədbiri keçirildi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayaraq, dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə Şirvanlıları təbrik etdi, bu əlamətdar günün əhəmiyyətindən, dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi uğurlardan söz açdı. Bildirdi ki, hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır. Təqdirəlayiq haldır ki, Ulu Öndərin müstəqil dövlətçilik konsepsiyası, milli ideologiyamızın əsas prinsipləri bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz, ədət-ənənələrimiz geniş təbliğ edilir.
Regionların sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşması, böyük infrastruktur layihələrin reallaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən söz açan İlqar Abbasov regionda və dünyada yaşayan gərginliyə, hərbi münaqişələrə, iqtisadi və siyasi kataklizmlərə baxmayaraq 2019-cu ilin respublikamız, o cümlədən Şirvan şəhərinin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli olduğunu bildirdi.
Tədbirdə çıxış edən natiqlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışdılar. Son illər həyata keçirilən geniş miqyaslı, uğurlu layihələrin şəhərin simasını tamamilə dəyişdiyi, bu gün Şirvanın müasir, böyük sənaye potensialına malik, sürətlə inkişaf edən, gündən–günə abadlaşan bir şəhər olduğu qeyd olundu.
Tədbirdə şəhərin inkişafında və abadlaşmasında xidmətləri olan idarə, müəssisə və təşkilatlar xüsusi vurğulanmış, imtiyazlı və aztəminatlı ailələrdən olanlara bayram sovqatları paylanmışdır.
Daha sonra bayram şənliyi respublikamızın və şəhərimizin tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.