Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyin hesabat yığıncağı keçirilmişdir

15 yanvar 2020 | 16:00

15 yanvar 2020-ci il tarixdə, 12 nömrəli tam orta məktəbdə Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndəliyin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirililmişdir. Hesabat yığıncaqında şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Hesabat məruzəsi ilə çıxış edən qəsəbə İnzibati Ərazi vahidi üzrə Nümayəndə Pünhan Mənsimov qəsəbədə infrastrukturun inkişafı, sakinlərin sosial rifah halının yaxşılaşdırılması, enerji daşıyıcıları ilə dayanıqlı və fasiləsiz təmin olunması istiqamətində 2019-cu il ərzində görülmüş işlər haqqında ətraflı danışmışdır. Pünhan Mənsimov bildirib ki, qəsəbə əhalisinin məşğulluğu fərdi təsərrüfatlarında yaradılmış istixanalar hesabına təmin edilib. Qəsəbədə ümumi sahəsi 9 ha olan 160 fərdi təsərrüfatda istixanalar yaradılmış və istixanalar hesabına 425 nəfər qəsəbə sakininin məşğulluğu təmin edilmişdir. Keçən dövr ərzində 900 ton kənd təsərrüfatı məhsulları daxili və xarici bazarlara satışa çıxarılmışdır.
     Hesabat yığıncağında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə ilə bağlı ətraflı çıxış edərək, qeyd olunan müddətdə istər respublikamızda, istərsə də şəhər  miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır. Şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, 2019-cu il bütövlükdə ölkəmiz və şəhərimizlə yanaşı Hacıqəhrəmanlı qəsəbəsi üçün də uğurlu il olmuşdur. Qəsəbənin ərazisində respublikamız üçün böyük strateji əhəmiyyətə malik “Cənub ES” və Şirvan OYL Əməliyyat Şirkətinin müəssisələri yerləşir. Qəsəbə əhalisinin müəyyən hissəsi heyvandarlıq, fərdi təsərrüfatlarda yaratdıqları istixanalarla yanaşı “Cənub ES”-da və Şirvan OYL Əməliyyat Şirkətində işləmiş, şəhərin digər xidmət sahələrində çalışmışlar.
     İlqar Abbasov qeyd edib ki, Hacıqəhrəmanlı yaşayış məskəninin qəsəbə kimi formalaşması, burada yaradılan infrastruktur, sosial obyektlərin inşası Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə həyata keçirilmişdir. Bu Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin şirvanlılara, o cümlədən Hacıqəhrəmanlı qəsəbə sakinlərinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Bu qayğı bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Cənab İlham Əliyevin respublikamıza  rəhbərliyi dövründə 8 dəfə Şirvan şəhərində rəsmi səfərdə olması, bir sıra sənaye müəssisələrinin, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, sosial obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı bunu bir daha təsdiq edir. Şirvan şəhəri bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi ölkəmiz üçün Bakıdan sonra çox vacib sahəni əhatə edən ikinci şəhərdir.
Məruzə ətrafında çıxış edən qəsəbə sakinləri məruzələrə münasibətlərini bildirərək qəsəbədə həlli vacib məsələlərə toxunublar.
    Hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən aidiyyəti qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 
    Sonda əldə olunan bu uğurlarda Hacıqəhrəmanlı qəsəbə sakinlərinin də böyük əməyi olduğunu vurğulayan İlqar Abbasov Şirvan şəhərinin və Hacıqəhrəmanlı qəsəbəsinin sosial-iqtisadi inkişafında əməyi olan hər kəsə öz təşəkkürünü bildirmişdir.

Keçidlər