Şirvan şəhərində Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi.
15.05.2014-cü il tarixdə saat 16.00-da YAP şəhər təşkilatının iclas zalında Şirvan şəhərində Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Elman Abbasov açdı. Əfqanıstan müharibəsində və müharibədən sonra həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin rəisi polkovnik-leytinant Sacəddin Həsənov məruzə ilə çıxış etdi. Natiq 1979-cu il dekabr ayının 25-də 1989-cu ilin fevral ayının 15-ə qədər Sovet ittifaqının 40-cı ordusunun Əfqanıstan ərazisində olduğu müddətdə beynəlmiləlçilik missiyasını yerinə yetirdiyini, 416 iri miqyaslı hərbi əməliyyatlar keçirdiyini, bu əməliyyatlarda SSRİ-nin tərkibində olan müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən təşkil olunmuş 620 min nəfər hərbiçinin iştirak etdiyini bildirdi. Əfqanıstan müharibəsində digər millətlərlə yanaşı 7500 nəfər azərbaycanlı da iştirak etmişdir. Onlardan 208 nəfəri hərbi əməliyyatlarda həlak olmuş, 450 nəfəri əlil, 7 nəfər itgin düşmüşdür. Həmin döyüşlərdə Şirvan şəhərindən də 71 nəfər iştirak etmişdir. Böyük döyüş təcrübəsinə malik olan Əfqanıstan veteranları Azərbaycanın milli ordusunda Qarabağ uğurunda gedən döyüşlərdə də fədakarlıq nümunələri göstərmişlər. Əfqanıstan döyüşçüləri torpaqlarımızın azad olunması uğrunda erməni işğalçılarına qarşı ilk xüsusi təyinatlı döyüş bataliyonu təşkil edərək, qəhrəmanlıq nümunələri göstərmişlər. Onlardan 76 nəfəri şəhid, 45 nəfəri əlil olmuş, 6 nəfəri itgin düşmüşdür. Əfqanıstan döyüşçülərindən 7 nəfər Azərbaycan Milli Qəhrəmanı adına layiq görülmüş, 37 nəfər “Azərbaycan Bayrağı Ordeni” və digər döyüş medalları ilə təltif olunmuşdur. Tədbirdə çıxış edən natiqlər Ümummilli lider Heydər Əliyevin Əfqanıstan müharibəsi veteranlarına diqqət və qayğısından, bu qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirildiyini böyük minnətdarlıq hissi ilə vurğuladılar. Bu qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər. Sonda Əfqanıstan müharibəsinin iştirakçısı olmuş, 60 nəfər veterana Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, cənab general-leytenant Arzu Rəhimovun Sərəncamı ilə “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə” medalı təqdim olundu. Xatirə şəkili çəkildi.