“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.
28 yanvar 2020-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində, Şirvan şəhər Icra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Gənclər Evinin birgə təşkilatçılığı əsasında “2 fevral Gənclər Günü” münasibətilə “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ümummilli liderin xatirəsini dərin ehtiramla yad etmişdirlər.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva tədbirdə çıxış edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclər sahəsinə də, gənclərin parlaq gələcəyi naminə onlara xüsusi diqqət, qayğı ilə yanaşıb. Onun hakimiyyətə gəlişindən etibarən Azərbaycan gəncliyinə gənclik duyğuları qayıtdı və gənclərimiz bütün dünyada öz sözünü deməyi bacardı. Azərbaycan gəncliyində yeni prinsiplər, mənəvi dəyərlər, həyata yeni baxışlar sistemi formalaşmağa başladı. Məqsəd və vəzifələrinə, fəaliyyətin istiqamətlərinə, sosial tərkibinə görə bir-birindən fərqli, yeni, müstəqil gənclər təşkilatları yaranmağa başladı. 1993-2003-cü illərdə Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarının əksəriyyətində gənclərlə bağlı müvafiq maddələr öz əksini tapmışdır.
Məruzə ətrafında çıxış edənlər qeyd ediblər ki, bu gün ölkəmizdə hər bir sahədə-hərbi, təhsil, siyasi, iqtisadi və digər bütün sahələrdə təmsil olunan gənclərin, onların qazandığı uğurların, nailiyyətlərin hamısı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Ulu Öndər ölkəmizdə hər bir sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığı kimi gənclərlə bağlı məsələlərə də xüsusi önəm vermiş və bu sahəyə xüsusi diqqətlə, qayğıyla yanaşmışdır. Bu gün ümummilli lider Heydər Əliyevin kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Dövlət başçısı müxtəlif çıxışlarında daima gənclərə arxalandığını açıq şəkildə söyləyib. Ölkəmizdə gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.