Şriftin ölçüsü :

Saytın rəngi :

1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin hesabat yığıncağı keçirildi.

31 yanvar 2020 | 16:00

29 yanvar 2020-ci il tarixdə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər Təşkilatının inzibati binasında, 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin 2019-cu ilin yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında şəhər İcra Hakimiyyəti Başçısının I müavini Samid Abıyev, şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
   Hesabat məruzəsi ilə çıxış edən 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə Fəqani Həsənov qeyd edib ki, 7 ilə yaxındır ki, fəaliyyət göstərən nümayəndəlik 8671 fərdi yaşayış evi, 386 çoxmərtəbəli  binalarda 8912  mənzil  olmaqla, cəmi 17583  təsərrüfata-81946 nəfər əhaliyə xidmət göstərməkdədir. “Azərbaycan Respublikasının şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 04.02.2019-cu il tarixli Sərəncamına müvafiq olaraq il ərzində Şirvan şəhərində 32  çoxmənzilli binanın dam örtüklərinin təmiri işləri başa çatdırılmış, dövlət büdcəsinin yerli xərclərindən ayrılmış vəsaitə uyğun olaraq şəhərin prospekt və küçələrində abadlıq işləri görülmüşdür. T.İsmayılov küçəsi 5 və 19 nömrəli yaşayış binalarının qarşısındakı nümunəvi məhəllədə abadlıq işləri tamamlanmış və bina sakinlərinin istifadəsinə verilmişdir. Eyni zamanda il ərzində Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən bir neçə yaşayış binasının giriş hissəsində və fasadlarında, məhəllədaxili yollarda təmir işləri aparılmış, şəhərin kommunal, mənzil, yaşıllaşdırma təsərrüfat idarələri ilə əlaqəli iş qurulmuş və xidməti ərazilərdə məişət tullantılarının yığılması, abadlaşdırma, yaşıllaşdırma, küçələrin işiqlandırılması və digər işlər həyata keçirilmişdir.
   2019-cu ildə şəhər sakinlərini narahat edən problemlərin araşdırılıb öyrənildiyi, onların sosial, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlərin görüldüyü, vətəndaşların şifahi və yazılı müraciətlərinə həssaslıqla yanaşıldığı, hər bir məsələyə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə baxıldığı bildirildi.
   Hesabat yığıncağında çıxış edənlər, Şirvan Regional Poçt Filialının direktoru Arif Şahbazov poçt göndərişlərinin ünvan sahiblərinə çatdırılması və poçt göndərişlərinin daşınması sahəsində görülmüş işlər, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov yerli əhəmiyyətli məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər, şəhər əhalisinin mənafeyi naminə görülmüş müdafiə və sosial inkişaf xarakterli proqramlar, Şirvan şəhər Su-Kanal İdarəsinin rəisi Fərhad Hüseynov şəhərin içməli su ilə təmin edilməsi və su-kanalizasiya sisteminin yenidən qurulması istiqamətində görülmüş tədbirlər, Salyan Regional Qaz İstismarı İdarəsinin Şirvan Xidmət Sahəsinin rəisi Gündüz Tarverdiyev şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması və yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində görülmüş işlər barədə ətraflı məlumatlar vermişlər.
   Sonda 2019-cu ildə şəhər ərazisində aparılan abadlıq və quruculuq işlərində, eyni zamanda əldə olunan uğurlarda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin və xidmət təşkilatlarının da böyük  əməyi olduğunu vurğulayan şəhər İcra Hakimiyyəti başçısının I müavini Samid Abıyev Şirvan şəhərinin ictimai-siyasi həyatında fəal iştirak etdiklərinə görə xidmət təşkilatlarının rəhbərlərinə öz minnətdarlığını bildirmişdir.

Keçidlər