"Müasir reallıqlar kontekstində dövlət və din" mövzusunda seminar-müşavirə keçirildi.
19 və 20 fevral 2020-ci il tarixlərində Şirvan Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Şirvan şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhər gənclərinin iştirakı ilə "Müasir reallıqlar kontekstində dövlət və din" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Müşavirədə Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin region üzrə şöbə müdiri Sənan Xəlilov, Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Çıxış edənlər ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərindən, dini sahədə sabitliyə nail olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişlər. Qeyd olunub ki, beynəlxalq hüquq normalarına söykənən qanunlarımız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır və hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Eyni zamanda bu gün Azərbaycan dünyada, o cümlədən İslam aləmində vəhdətin, həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir və ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqla bağlı konfranslar, humanitar forumlar keçirilir. Bütün bunlar isə bir daha Azərbaycanın tolerant ölkə olmasını sübut edir.
Sonda Dövlət Komitəsinin sədrinin müavini Səyyad Salahlı gəncləri maraqlandıran sualları cavablandırmışdır.