Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib.
20 fevral 2020-ci il tarixdə, şəhərin Neftçilər küçəsində, 4 nömrəli tam orta məktəbin akt zalında Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq şəhər sakinlərinin növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, yola saldığımız 2019-cu ildə ölkəmizin uğurları davam etmiş, iqtisadi inkişafın dayanaqlığı təmin olunmuş, respublikamız bu dövrdə öz dinamik inkişafını qorumuş, xalqımız əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində ölkəmizdə sənayeləşmə templəri yüksəlmiş, yüzlərlə müasir və yeni sənaye müəssisələri, istehsal sahələri yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, ixracın həcmi yüksəlmiş və nəticədə ölkəmizin strateji valyuta ehtiyatları artaraq 52 milyard dollara çatmışdır. Eyni zamanda ölkəmizdə sosial sahədə çox böyük təşəbbüslər irəli sürülmüş, şəhid ailələri böyük vəsaitlə təmin edilmiş, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Belə sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əlbətdə ki, qazanılmış bütün bu nailiyyətlər qarşıdakı illərdə də ölkəmizin daha böyük uğurlara imza atacağına möhkəm zəmin və dərin inam yaradır.
İlqar Abbasov vurğulayıb ki, ölkə başçısının tikinti-quruculuq və abadlıq işlərini zövqlə və günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyyələrinə 2020-ci il ərzində Şirvan şəhərində həyata keçiriləcək sosial-infrastruktur layihələr çərçivəsində “Bağ evləri” yaşayış massivində yeni məktəb binasının tikintisi, Məhəmməd Füzuli adına Şirvan şəhər Parkının əsaslı şəkildə yenidən qurulması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, içməli su və qaz təhcizatının yaxşılaşdırılması, yaşayış binalarının kanalizasiya xətlərinin yenilənməsi, şəhər ərazisində yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, küçə və prospekt boyunca xeyli sayda ağac və bəzək kollarının əkilməsi və digər proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Şirvan şəhərinin simasının günün tələbləri səviyyəsində qurulmasını təmin etmək məqsədilə qeyd edilən proqramlar və iri həcmli infrastruktur layihələri uğurla icra olunacaqdır.
Daha sonra 20 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən sakinlər son illərdə republikamızda və şəhər ərazisində həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd edərək problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.