Şirvan şəhər İcra Hakimiyyətində hesabat yığıncağı keçirilib.
25 fevral 2020-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətinin iclas zalında Şirvan şəhərinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, şəhər İcra Hakimiyyətin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimai-siyasi qurumların, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyət nümayəndələri iştirak edib.
Yığıncaq iştirakçıları öncə şəhərin mərkəzində yerləşən Heydər Əliyev Meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu öndərin ruhuna öz dərin ehtiramlarını ifadə ediblər.
Sonra yığıcaq iştirakçıları şəhər İcra Hakimiyyətinin foyesində şəhərin 2019-cu ildə sosial-iqtisadi inkişafını əks etdirən göstəricilər və foto şəkillərdən ibarət sərgi ilə tanış olublar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, dünyada gərginliyin, müharibə ocaqlarının, qanlı toqquşmaların, kütləvi etiraz aksiyalarının, polis zorakılıqlarının artdığı bir vaxtda ölkəmiz nüfuzlu, güclü və sosial rifah dövlətinə çevrilib, itisadiyyatın və büdcənin artan imkanları əhalinin rifahının yaxşılaşmasına yönəldilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da birbaşa iştirakı ilə həyata keçirilən sosial islahatlar, insan amilinə, hər bir vətəndaşa göstərdiyi diqqət və qayğı, həyata keçirilən siyasi xətt Azərbaycan dövlətinin fövqündə insan amilinin dayandığını bir daha təsdiq edir.
İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi Şirvan şəhər İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və icrası istiqamətində əməli işlər görülüb.
2019-cu il ərzində şəhər ərazisində ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artaraq 877 milyon manat olub. Ümumi məhsul buraxılışında 58 faiz sənaye sahələrində məhsul istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,0 faiz artaraq 506 milyon manat olub. Digər sahələrin ümumi məhsulda payı 42 faiz təşkil edib. Hesabat dövründə sənaye sahələrində istehsal olunmuş məhsulun 56 faizi və ya 282 milyon manatı dövlət, 44 faizi və ya 224 milyon manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal edilib. 2019-cu il ərzində şəhərdə 249 min ton neft, 7.5 milyon m3 qaz və 5 milyard 85 milyon kvt/saat elektrik enerjisi istehsal edilib. Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 501 manat təşkil etmişdir. Bu da 2018-ci illə müqayisədə 13 faiz çox olmuşdur.
2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində ŞİH tərəfindən T.İsmayılov küçəsi 5, 19 saylı yaşayış binalarının həyətləri abadlaşdırılıb, yeni nümunəvi məhəllə salınıb, Şirvan şəhəri Naxçıvan küçəsində Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı üçün 2 mərtəbəli yeni inzibati binanın tikintisi tamamlanaraq avadanlıq və inventarla təchiz olunub, “Azərişıq” ASC-nin sifarişi ilə Şirvan Regional Enerji Təchizatı və Satışı idarəsinin inzibati binasının tikintisi başa çatdırılıb, Azərbaycan Respublikası Prezidentinin 04.02.2019-cu il tarixli Sərəncamı ilə ayrılmış vəsait hesabına Şirvan şəhərində 32 çoxmənzilli binaların dam örtüklərində təmir işləri aparılıb, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə Şirvan şəhəri ərazisində müvəqqəti məskunlaşan 685 məcburi köçkün ailəsi üçün zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış kompleksinin tikintisi tamamlanıb və ailələrin mənzillərə köçürülməsi işlərinə başlanılıb. Həmçinin şəhərin 18 küçəsində təmir işləri aparılıb, ümumilikdə 49 min m2 asfalt-beton örtük vurulub.
Şəhərin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə 2019-cu ildə küçə və məhəllələrə 6 min p/m, yaşayış binalarına 12 min p/m su xətti, 5 min p/m kanalizasiya xətti, əhalini dayanaqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə 12 min metr müxtəlif markalı elektrik xətləri, qaz təchizatının yaxşılaşdırılması məqsədilə isə şəhərin qaz şəbəkəsində təmir və yenidənqurma işləri aparılmış, 60 min p/m qaz xətti çəkilmişdir.
Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 20 Yanvar şəhidlər günü, 2 fevral Gənclər günü, 26 fevral-Xocalı soyqırımı günü, 8 Mart- Beynəlxalq Qadınlar günü, 31 mart Azərbaycanlıların soyqırımı günü, Zərifə xanım Əliyevanın doğum günü, 10 May-Ulu öndər Heydər Əliyevin təvəllüd günü, 9 may Qələbə günü, 15 iyun-Milli Qurtuluş günü, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü, 15 sentyabr- Bilik günü, 9 noyabr-Dövlət Bayrağı günü, 12 noyabr-Konstitusiya günü, 17 noyabr Milli Dirçəliş günü, 12 dekabr- Ümummilli Lider Heydər Əliyevin xatirəsini anım günü, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramının geniş qeyd edilməsi məqsədi ilə tədbirlər planı hazırlanmış, müvafiq iş bölgüsü aparılmış, yerlərdə və şəhər üzrə silsilə tədbirlər keçirilmişdir.
Sonra məruzə ətrafında çıxışlar olub və müzakirələr zamanı elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin və sənaye istehsalının inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.
Yığıncaqda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov ötən dövrdə ölkəmizdə əldə olunmuş uğurları real faktlar əsasında qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə tapşırıqlarının icrası ilə bağlı tövsiyələrini verib, yığıncaq iştirakçılarını narahat edən məsələlərə aydınlıq gətirib.
Yığıncaq iştirakçıları onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqların ifadə ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti cənab Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edilib.
Sonda 2019-cu ilin yekunlarına əsasən şəhərin sosial-iqtisadi, mədəni və ictimai həyatında fərqənən şəxslər şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.