Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumşəhər anım tədbiri keçirildi.

26 fevral 2020 | 16:00

Faciənin 28-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq ötən həftədən etibarən idarə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında ədəbi-bədii tədbirlər, xatirə gecələri, sərgilər təşkil olunmuş, xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş faciə  qurbanlarının xatirəsi ehtiramla anılmışdır.
    26 fevral 2020-ci il tarixdə, saat 11:00-da isə Şirvan şəhər Gənclər Evində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasovun, Şura üzvlərinin, şəhər İcra Hakimiyyətin məsul işçilərinin, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimai-siyasi qurumların və şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ümumşəhər tədbiri keçirildi.
  Tədbir iştirakçıları öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsini yad etmək məqsədi ilə Şəhidlər Xiyabanını ziyarət etmiş, şəhid məzarları önünə gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.
    Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsünə qoşularaq “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kompaniyası çərçivəsində Məhəmməd Füzuli adına Şirvan şəhər Parkında şəhər rəhbərliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin, Şirvan Dövlət Aqrar İnkişaf Mərkəzinin, Şirvan şəhər Gənclər Evinin və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi könüllülərinin və şəhər ictimaiyyəti nümayəndələrinin iştiraki ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağacın əkilməsi aksiyası keçirildi.
    Şirvan şəhər Gənclər Evində keçirilən anım tədbirində öncə tədbir iştirakçıları mərkəzin foyesində təşkil olunmuş Xocalı soyqırımına həsr olunmuş məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar. Anım tədbirində həmin faciəli günlərdə həyatını itirmiş soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
    Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov anım tədbirində çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verdi. Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil oldu. Ermənistan silahlı qüvvələri  beynəlxalq hüququn normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının  şəxsi heyətinin iştirakı ilə həmin gecə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını həyata keçirdilər. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan atılan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir.
    İlqar Abbasov qeyd edib ki, Ermənilərin dinc əhaliyə qarşı törətdikləri soyqırım zamanı xocalılar əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Bu şəhərin ölməzlik tarixini yazdılar. Xocalı soyqırımına əsl siyasi-hüquqi qiyməti isə 1994-cü ilin fevralında  Azərbaycan  xalqının Ümummilli lideri Heydər Əliyev verdi. Həmin ildən başlayaraq ölkəmizdə hər il 26 fevral-Xocalı soyqırımı günü kimi qeyd edilir, saat 17oo-da Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.
    Ümummilli lider Heydər Əliyevin siyasi kursunu  uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almasına xidmət edir. Ümummilli məsələrlə bağlı Türkiyə və Azərbaycan parlament nümayəndə heyəti bir  sıra  beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında birgə fəaliyyət göstərirlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “iki dövlətin bir diasporu” tövsiyələrinə uyğun olaraq Diasporlarla iş üzrə Dövlət Komitəsi, Dünya Azərbaycanlıları Konqresi, Türkiyə-Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər görürlər.
    Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” layihəsi çərçivəsində Xocalı soyqırımının, ermənilərin törətdikləri digər vəhşiliklərin dünya ictimaiyyəti tərəfindən tanınması, hüquqi-siyasi qiymətini alması üçün kompleks tədbirlər həyata keçirilir. 
    Azərbaycanın bu haqq işinin, ədalətli mövqeyinin qalib gəlməsi, ərazi bütövlüyünün təmin edilməsi üçün hər bir azərbaycanlının möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli olduğu və xalqımızın milli maraqlarına xidmət edən siyasi kursunu, fəaliyyətini hərtərəfli dəstəkləməsi qeyd olunmuşdur.
    Anım tədbirində Xocalı hadisələrinin canlı şahidi, Şirvan şəhərində məskunlaşmış Arif Əiziov, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Ramil Məmmədov və digər çıxış edənlər insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu, törədilmiş bu son dərəcə ağır hərbi cinayətin xalqımız tərəfindən heç vaxt unudulmayacağı qeyd ediblər.
Sonda Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə litvalı rejissor Andreas Brokas tərəfindən hazırlanmış “Sonsuz dəhliz” sənədli filmi nümayiş olundu.
    Allah bütün Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin.                                                                                        AğacəkməSərgiTədbirSəhnəcik

Keçidlər