Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib.
27 fevral 2020-ci il tarixində, şəhərin Vidadi küçəsində, 11 nömrəli tam orta məktəbin akt zalında, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq şəhər sakinlərinin növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov sakinlər qarşısında çıxış edərək bildirib ki, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər nəticəsində dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da güclənib, ölkəmizin davamlı və dayanıqlı inkişafı təmin edilib. Azərbaycan inkişaf edən ölkələr sırasında layiqli yerini tutaraq siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkəyə çevrilmiş, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış etməyə başlamışdır.
Ölkəmizin uğurları davam etdikcə, iqtisadi inkişafın dayanaqlığı təmin olunduqca sosial sahədə çox böyük təşəbbüslər irəli sürülür və sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanır. 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar daha geniş şəkildə hazırlanmış və 2019-cu ilin əvvəlindən bu proqramların icrasına başlanılmışdır. Şəhid ailələri birdəfəlik maddi yardımla təmin edilib, məcburi köçkünlərin aylıq müavinəti artırılıb, minimum əməkhaqqı təxminən 2 dəfə, bəzi müavinətlər 50 faiz, bəziləri isə 100 faiz artırılıb. Həmçinin təqaüd sisteminin təkmilləşdirilməsi məqsədi ilə doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan 110 mindən çox tələbələrin təqaüdləri artırılmışdır. Başqa sözlə, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasətin ana xəttini vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması məsələsi təşkil edir.
İlqar Abbasov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şirvan şəhəri ərazisində iqtisadi durumun yaxşılaşdırılması, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi məqsədi ilə 2020-ci il ərzində şəhərdə sosial-infrastruktur layihələrinin və proqramların uğurla icrası nəzərdə tutulmuşdur. Belə ki, “Bağ evləri” yaşayış massivində yeni məktəb binasının tikintisi, Məhəmməd Füzuli adına Şirvan şəhər Parkının əsaslı şəkildə yenidən qurulması, magistral və məhəllədaxili yolların təmir və bərpası, piyada səkilərinin salınması, çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, içməli su və qaz təhcizatının yaxşılaşdırılması, yaşayış binalarının kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulmuşdur.
Daha sonra 21 nəfər şəhər sakini onları narahat edən müxtəlif sosial məsələlərlə bağlı şəhər İcra Hakimiyyətinin başçısına müraciət ünvanlamışlar. Qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş və müarciətlərə aydınlıq gətirilmişdir. Həlli vacib olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanunauyğun şəkildə tədbirlərin görülməsi üçün şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda iştirak edən sakinlər son illərdə republikamızda və şəhər ərazisində həyata keçirilən islahatlardan, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd edərək, problemlərinin həllinə yönəlmiş səyyar görüşlərin təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.