Şirvan gəncləri "könüllü qonaq" təşəbbüsünə qoşulublar.
Ölkəmizdə könüllülük fəaliyyətinin geniş vüsət alması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Həyata keçirilən uğurlu təşəbbüslər sayəsində könüllülük fəaliyyəti ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb. Dövlətimiz bu fəaliyyətin stimullaşdırılmasını hərtərəfli dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir. Ölkə prezidentinin könüllülük fəlsəfəsinin təbliğ olunması və könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyəti, digər idarə, müəssisə və təşkilatlar öz strukturlarında könüllülük hərəkatının genişləndirməkdə davam edir.
Könüllü fəaliyyətinin əsas istiqamətlərindən biri əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə köməklik göstərilməsidir. 2020-ci ilin "Könüllülər ili" elan olunması ilə əlaqədar respublikamızda başlanan "könüllü qonaq" təşəbbüsünə Şirvan könüllüləri də qoşulmuşlar. Şirvan şəhər İcra Hakimiyyəti, Gənclər və İdman idarəsinin, Şirvan Gənclər Evinin və Şirvan şəhər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı əsasında, könüllülər xüsusi qayğıya ehtiyacı olan, ahıl və tənha yaşayan Şirvan şəhər sakini Nənəxanım Mirzəyevanın yaşadığı evə baş çəkmişlər. Evdə və həyətyanı sahədə təmizlik və abadlıq işləri görülmüş, səliqə-səhman yaradılmış, Nənəxanım nənə üçün çərşənbə süfrəsi təşkil edilmişdir.
Gənclərin təşəbbüsü ev sahibi tərəfindən sevinclə qarşılanmış və Nənəxanım Mirzəyeva könüllülərə öz təşəkkürünü bildirmişdir.