Şirvan şəhəri ərazisində profilaktik tədbirlər davam etdirilir.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Şirvan şəhəri ərazisində sosial izolyasiya tədbirləri tətqiq olunur və qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir.
02 aprel 2020-ci il tarixində şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və şəhər Polis şöbəsinin rəisi polis polkovniki Hikmət Quliyevin iştirakı ilə Bayramlı qəsəbəsi və şəhər arasında Kür çayı üzərində fəaliyyət göstərən bərənin fəaliyyəti dayandırılıb. İcra Hakimiyyəti başçısının göstərişi ilə şəhər və qəsəbə arasındakı marşrut xətti bərpa olunub, sərnişindaşınmanın qiymətləri minimuma endirilməklə 2 ədəd avtobus sərnişinlərin istifadəsinə verilib.
Eyni zamanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə gün ərzində şəhər ərazisində profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilib. Şəhərin küçə və prospektləri dezinfeksiya edici maddələrlə yuyulub, yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində və sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində dezinfeksiya işləri davam etdirilib. Karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə park və xiyabanlara giriş tam olaraq dayandırılıb, polis əməkdaşlarının iştirakı ilə Operativ Qərərgah və mobil qruplar tərəfindən ərazilərdə izahetmə-xəbərdarlıq işləri davam etdirilib, sakinlərdən məsuliyyətli olmaları, ehtiyac olmadıqda evdən çıxmamaları və xüsusi karantin rejiminin qaydalarının yerinə yetirilməsi tələb edilib.
Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.