Şirvan şəhərinin baş planının ilkin layihəsinin şəhər ictimaiyyətinə təqdimat mərasimi keçirildi.
04.06.2014-cü il tarixlərdə saat 11.00-da İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2013-cü ilin dövlət sifarişinə uyğun olaraq Şirvan şəhərində Dövlət şəhərsalma kadastrının yaradılması layihəsi çərçivəsində Şirvan şəhərinin baş planının ilkin layihəsinin şəhər ictimaiyyətinə təqdimat mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma Kadastrı şöbəsinin müdiri Tofiq Quliyev, Baş məsləhətçi Eldar Davudov, Baş məsləhətçi Fəxri Aydəmirov və İcraçı şirkətlər olan “İnteqris” MMC-nin direktoru Ceyhun Zeynalov, şöbə müdiri Müşviq İsmayılov, Şöbə müdiri İsmət Baxışov, Baş memar Yeganə Hacıyeva, Layihələrin idarəetməsi üzrə menecer İlkin Əliyev, İnzibati idarəetmə üzrə menecer Sabir Məmmədov, Hüquqi və Kadr məsələləri üzrə menecer Pərviz Məlikov, Litva Respublikasından “hnit baltic” şirkətinin nümayəndələri Garabauskas M, Motieka S, Kazlaite A və 60 nəfər iştirak etdi.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, tapşırıq və tövsiyələri əsasında Respublikamızda şəhərsalma və tikinti sahəsində çox böyük işlər görülmüş, bir sıra nailiyyətlər əldə edilmiş, bu sahəni tənzimləyən Qanunlar, Fərmanlar, Sərəncamlar və müvafiq qərarlar imzalanmaqla yeni normativ-hüquqi baza yaradılmışdır.
Bu işdə şəhərsalma və tikinti sahəsində şəhərsalma kadastr xidmətinin təşkili, məlumatların toplanması və bu məlumatlar əsasında şəhərsalma kadastrı məlumat bazasının yaradılması, coğrafi informasiya sistemlərinə əsaslanan şəhərsalma kadastrı xəritələrinin və dövlət informasiya sisteminin hazırlanması xüsusi önəm daşıyır.
Ona görə də, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən respublika səviyyəsində şəhərsalma kadastrının yaradılması və aparılması, şəhərlərin baş planlarının hazırlanması istiqmətində ardıcıl işlər görülür, bu sahədə işlərin həyata keçirilməsi üçün beynəlxalq səviyyəli şirkətlər və mütəxəssislər cəlb edilir.
Yeni qəbul edilmiş “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinə uyğun olaraq “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin icrası, müvafiq satınalma proseduru əsasında Azərbaycan şirkəti “İNTEGRİS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən, oxşar layihələrdə uğurlu təcrübələrə malik Litva Respublikasının "Vilnüs planas" müəssisəsi və "HNİT-BALTİC" Qapalı Səhmdar Cəmiyyətini cəlb etməklə həyata keçirilir.
Layihə çərçivəsində Şirvan şəhərinin baş planı, müvafiq ərazinin müfəssəl planlaşdırma layihəsinin hazırlanması, Dövlət şəhərsalma kadastrının sisteminin, yeni tikililərin reyestri informasiya sistemi və şəhərin 3D modelinin yaradılması və tətbiqi həyata keçiriləcəkdir.
Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılmasının başlıca məqsədlərindən biri şəhərsalma fəaliyyəti həyata keçirilən zaman ərazinin kompleks idarə olunması və tənzimlənməsində, tikintiyə icazə verilməsi və onun istismara qəbulu prosedurlarında aşkarlığın, şəffaflığın, vahid pəncərə sisteminin təmin edilməsi şərti ilə müvafiq qərarların qəbul edilməsində istifadə edilən və lazım gəldikdə istifadəçilərə təqdim edilən toplanılmış, qeydiyyatdan keçirilmiş, mühafizə olunan şəhərsalma kadastr məlumatlarından ibarət müvafiq dövlət informasiya sisteminin yaradılmasıdır.
“Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” layihəsinin növbəti mərhələsi olaraq “İNTEGRİS” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən beynəlxalq təcrübəyə, xüsusən də Litva təcrübəsinə əsaslanaraq Şirvan şəhərinin yeni baş planı da hazırlanmış və Şirvan Şəhər İcra Hakimiyyətində təqdimatı keçirilmişdir. Təqdimatda Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının I müavini və məsul işçiləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları, Şirvan şəhərində fəaliyyət göstərən qurumların ictimaiyyətinin nümayəndələri iştirak etmişdir. Şirkət nümayəndələri təqdimat iştirakçılarına Baş plan layhəsi barədə, tətbiq olunan yeniləklər haqqında ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Məlumat verilmişdir ki, Baş plan layihəsi iki mərhələni -- I mərhələ olaraq 2020-ci ilə qədər olan dövrü, II mərhələ isə perespektiv olaraq 2033-cü ilə qədər olan dövrü əhatə edəcəkdir.
Təqdimat başa çatdıqdan sonra Layihə tapşırığına uyğun olaraq Baş plan layihəsi 60 gün müddətində ictimaiyyətin müzakirəsinə təqdim olunmuşdur.
Şirvan şəhərinin sakinləri Şirvan şəhərinin Baş planının layihəsi ilə Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında indi də tanış ola bilərlər.