Şirvan şəhərində koronavirus infeksiyası ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir.
İnfeksiyanın şəhər ərazisində yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi gücləndirilmiş iş rejimində davam etdirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Hikmət Quliyev şəhərdə olan karantin rejimi ilə və şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda vəziyyətlə yerində tanış olublar.
Xüsusi nəqliyyat vasitələri ilə axşam saatlarından başlayaraq şəhərin küçə və prospektləri təkrarən dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarından 38-ində, o cümlədən məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində və ödəniş terminallarında dezinfeksiya işləri davam etdirilib. Eyni zamanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər ərazisində park və xiyabanlara giriş tam olaraq dayandırılıb, polis əməkdaşlarının iştirakı ilə yaradılmış 23 mobil qrup üzvləri tərəfindən şəhər ərazisində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində izahetmə-xəbərdarlıq işləri gücləndirilmiş iş rejimində davam etdirilib, sakinlərdən məsuliyyətli olmaları, yaşadıqları mənzillərdə və evlərdə qalmaları və xüsusi karantin rejiminin qaydalarına uyğun davranmaları tələb edilib.
Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin sosial xidmət işçiləri tərəfindən şəhər ərazisində yaşayan 187 nəfər ahıl və tənhalara yaşadıqları ünvanlarda sosial xidmətlərin göstərilməsi işləri də davam etdirilib.
Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlər görülməsi davam etdirilir.