Şirvan şəhəri ərazisində profilaktik tədbirlər gücləndirilmiş iş rejimində davam etdirilir.
Şirvan şəhəri ərazisində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi gücləndirilmiş iş rejimində davam etdirilib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq aprel ayının 5-dən etibarən şəhər ərazisində hərəkət məhdudiyyəti tətbiq edilmiş, şəhər Polis Şöbəsinin əməkdaşları ilə bərəbər Daxili Qoşunların şəhər ərazisində yerləşən N saylı hərbi hissəsinin əsgər heyəti də xüsusi karantin rejiminə nəzarət prosesinə cəlb edilmişdir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev şəhərə giriş-çıxışın məhdudlaşdırılması məqsədi ilə yaradılmış postlarda vəziyyətlə yerində tanış olub, İcra Hakimiyyətinin başçısı Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri ilə görüşərək şəhər ərazisində aparılan profilaktik dezinfeksiya işləri ilə əlaqədar onlara öz tövsiyyə və tapşırıqlarını verib.
Axşam saatlarından başlayaraq şəhərin küçə və prospektləri təkrarən dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkən qəfəslərində və pilləkənlərdə, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, park və xiyabanlarda, avtomobil dayanacaqlarında, qəsəbələr də daxil olmaqla ümumilikdə 191 obyektdə dezinfeksiya işləri davam etdirilib.
Eyni zamanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə yaradılmış 23 mobil qrup üzvləri tərəfindən gün ərzində şəhər ərazisində, Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində izahetmə-xəbərdarlıq işləri gücləndirilmiş iş rejimində davam etdirilib, sakinlərdən məsuliyyətli olmaları, özlərinin və ailə üzvlərinin sağlamlıqlarının qorunması naminə yaşadıqları mənzillərdə və evlərdə qalmaları və xüsusi karantin rejiminin qaydalarına uyğun davranmaları tələb edilib.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq karantin rejiminin tələblərinin pozulması halları olub və Şirvan şəhər polis şöbəsi tərəfindən görülmüş profilaktik tədbirlər nəticəsində 79 nəfər Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlardan 73 nəfəri müxtəlif məbləğlərdə cərimə edilmiş, 6 nəfər barəsində isə Şirvan şəhər Məhkəməsi tərəfindən inzibati həbs qərarı çıxarılıb.
Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin sosial xidmət işçiləri tərəfindən şəhər ərazisində yaşayan 187 nəfər ahıl və tənhalara yaşadıqları ünvanlarda sosial xidmətlərin göstərilməsi işləri davam etdirilib. Eyni zamanda 181 nəfər aztəminatlı və tənha şəxslərə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən yardım göstərilib.
Şirvan şəhəri ərazisində sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və profilaktik tədbirlərin görülməsi davam etdirilir.