Millət vəkili İltizam Yusifovun müraciəti
Əziz Həmvətənlər!
Bilirsiniz ki, koronavirus (COVİD-19) pandemiyası artıq bütün dünyanı cənginə alıb. Bu gün dünyanın 209 ölkəsindən 1 milyon 400 min insan bu virusa yoluxub. Bütün ölkələr öz resurslarını koronavirusla mübarizəyə səfərbər ediblər. Sözsüz ki, bu mübarizənin önündə gedən həkimlərimizdir. Həkim və tibb işçiləri həqiqətən peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər. Onlar öz həyatlarını riskə ataraq virusa yoluxanlara yardım edir, sağalmaları üçün əllərindən gələni əsirgəmirlər.
Bu mübarizədə Şirvan Müalicə Diaqnostika Mərkəzinin həkimləri də vardir. Artıq 10 gündən çoxdur ki, Şirvan Müalicə Diaqnostika Mərkəzinin 5 həkimi karantin zonasında çalışır. Ölkə başçısı cənab İlham Əliyev həkimlərin əməyini yüksək qiymətləndirərək koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştitak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Biz millət vəkilləri oraraq Milli Məclisin iclaslarında bütün ölkə həkimlərinə öz minnətdarlığımızı bildirərək tibb işçilərinin və həkimlərin şərəfinə alqışlar səsləndirmişik.
Mən də öz adımdan Şirvan Müalicə Diaqnostika Mərkəzinin həkimlərinə təşəkkürümü bildirir, əllərinizə qüvvət, canınıza sağlıq diləyirəm. Bu işdə digər insanlara qulluq etdiyiniz kimi özünüzü də qorumağı unutmayın.
Tanrı sizi qorusun!
Tanrı Azərbaycan xalqını qorusun!
Millət vəkili İltizam Yusifov