Dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasından 35 il ötür.
Qədim Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmış, çox zəngin və mənalı ömür yolu keçərək əsl Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli həyat yaşamış görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın vəfatından 35 il ötür. Görkəmli akademikin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən hər il anılır.
Otuz beş il əvvəl, 1985-ci il aprelin 15-də ömrünün 62-ci baharında, Moskva şəhərində dünyasını dəyişmiş Zərifə xanım görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu Zərifə xanım üçün əsl həyat məktəbi olmuşdur.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçib. Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olub, praktik vərdişlərə yiyələnib, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşib, iki ildən sonra Vətənə qayıdıb. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulub. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olub, elmi axtarışları dövründə Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışıb.
Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirib, oftalmologiya elminə çox böyük töhfələr verib. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.
Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları haqqında çox yazmaq olar. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma Zərifə xanımım adları sırasında ən şərəflisi məhz Ana adıdır. Zərifə xanım ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Akademik Zərifə xanım Əliyeva Azərbaycana Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya siyasətində öz nüfuzu və yeri olan İlham Əliyev kimi milli lider bəxş edən Ana kimi də unudulmazdır. Bugün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə səhiyyəsinə və elminə qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda gördüyü işlər, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət və Ulu Öndərin müəyyən etdiyi siyasi xətt uğurla davam etdirilir. Əlbətdə ki, Zərifə xanımın ruhu bugünkü müstəqil Azərbaycanımızın əldə etdiyi böyük nailiyyətlərə görə şaddır.
Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bir insanın bu gün aramızda olmamasına inanmaq çox çətindir. Fəqət, görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdır. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alim Zərifə Əliyevanın əziz xatirəsi daima ehtiramla yad olunacaq və ürəklərdə əbədi yaşayacaqdır.