Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümüdür.

26 aprel 2020 | 16:00

Əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Çox zəngin və mənalı ömür yolu keçərək əsl Azərbaycan qadınlarına məxsus ləyaqətli, şərəfli həyat yaşamış görkəmli akademikin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən daima hörmətlə anılır. Olduqca mənalı və zəngin həyat yolu yaşayan Zərifə xanımın ailəsi, övladları, dövlətinin xoşbəxtliyi uğrunda fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün örnəkdir.
  Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçib. Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olub, praktik vərdişlərə yiyələnib, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşib, iki ildən sonra Vətənə qayıdıb. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulub. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olub, elmi axtarışları dövründə vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışıb.
  Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi.
  Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub. Bir-birini heyrətamiz şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə həyatı müasir Azərbaycan cəmiyyəti üçün bir nümunə, milli dəyərlərimizə sədaqətin nadir örnəyidir.
  Görkəmli alimin fəxri adları, elmi titulları, mükafatları haqqında çox yazmaq olar. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma Zərifə xanımım  adları sırasında ən şərəflisi məhz “Ana” adıdır. Zərifə xanım  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş əzəmətli “Ana” simvoluna çevrilmiş bir şəxsiyyətdir. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən Prezident İlham Əliyev kimi bir oğul tərbiyə etmək düşmüşdür.
  Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin, xəstələrinin dərin ehtiramını qazandırıb. Məhz bu səbəbdəndir ki, bütün ömrünü insanlara nur paylamaq, xeyirxahlıq etməyə sərf edən görkəmli alimin, qayğıkeş ananın adı qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunmuşdur.

 

Keçidlər