“Mənim həyatımın mənası Azərbaycandır” adlı onlayn rəsm müsabiqəsi keçirilib.
Şirvan şəhər İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 8-18 yaşlı məktəblilər arasında 8 aprel 2020-ci il tarixindən 5 may 2020-ci il tarixinədək “Mənim həyatımın mənası Azərbaycandır” adlı online rəsm müsabiqəsi keçirilmişdir.
İştirakçılar çəkdikləri 1 və ya 2 əsərinin fotosunu Şirvan şəhər Heydər Əliyev Mərkəzinin və ya Şirvan şəhər Rəsm Qalereyasının facebook səhifəsinin mesaj bölməsinə göndərməklə müsabiqədə iştirak etmişlər.
Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd Ulu öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkəmizin əldə etdiyi nailiyyətlərin yeniyetmə və gənclər arasında təbliği, gənc nəslin milli-dövlətçilik ruhunda tərbiyəsi, koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi müddətində uşaqların ev şəraitində asudə vaxtını səmərəli təşkili, yaradıcılıqlarının inkişaf etdirilməsi və istedadlı uşaqları üzə çıxarılmasından ibarətdir.
Mütəxəssislərdən ibarət munsiflər heyətinin qərarı ilə əl işləri içərisində kənar müdaxilənin(müəllimlərin və ya valideynlərin) olmadığı, yeni çəkilmiş və ustalığı ilə seçilən əsərlərə üstünlük verilmişdir. Yekun qərarla 10 nömrəli tam orta məktəbin şagirdləri Gülşən Əliyeva, Ümid Cavadlı və Nuranə Nəzirovanın rəsm əsərləri müvafiq olaraq I, II və III yerlərə layiq görülmüşdür.
Eyni zamanda, gənc rəssamların mövzuya aid çəkdikləri rəsmlər onlayn səsverməyə də çıxarılmış və şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır. Onlayn səsvermənin nəticələrinə əsasən şəhər 14 nömrəli tam orta məktəbin şagirdi Ayla Mahmudovanın rəsm əsəri I yerə, 20 saylı tam orta məktəbin şagirdi Nuray Bədəlzadənin əl işi isə II yerə layiq görülməklə müsabiqənin qalibləri olmuşdur.
Müsabiqədə qalib gələn şagirdlər müvafiq olaraq fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.