Şuşanın dağları başı dumanlı, dərdindən ölməyə çoxdur gümanlı....
Ustad Xan Şuşinskinin yazdığı və oxuduğu bu mahnını eşidəndə istər-istəməz adamın ürəyinin başı göynəyir.
Çünki əsası Qarabağ Xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşanın başını doğurdan da 28 ildir dumanlar alıb. Şuşa 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunub. Lakin böyükdən-kiçiyə hamı inanır ki, ən yaxın vaxtlarda Şuşanın başının üstündəki qara duman çəkiləcək, Qarabağ savaşında yüzlərlə şəhid verən Şuşa erməni işğalından azad ediləcək, elindən-obasından didərgin düşən qaçqınlar yenidən öz yurdlarına qayıdacaq. Beləcə, Şuşa köhnə yaralara məlhəm qoya-qoya yenə nəğməli-sözlü ömrünü yaşayacaq, yenə havalanacaq “Xanın səsi”, “Qarabağın şikəstəsi...”.
Azərbaycan mədəniyyətinə böyük dühalar, tarixi şəxsiyyətlər, incəsənət xadimləri bəxş etmiş bu şəhər heç vaxt, heç bir vəchlə başqa bir millətin ola bilməz. Bu şəhəri özünün adına çıxmağa çalışan millətin arzusu ürəyində qalacaq. Düşmənlərimiz Şuşanı müvəqqəti işğal etsələr də, kənd-kəsəklərinə yabançı adlar qoysalar da, onu heç vaxt özününküləşdirə bilməyəcək.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu, işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək siyasətini ardıcıl davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məsələ ilə bağlı atdığı qətiyyətli addımlar, həyata keçirdiyi tədbirlər bunu bir daha təsdiq edir. Məcburi köçkünlərə, o cümlədən şuşalılara dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Onlar hər cür şəraiti olan yeni mənzillərlə təmin edilir.
Həyata keçirilən bu siyasət yerlərdə də davam etdirilir. Şirvan şəhər İcra Hakimiyyəti də şəhərdə məskunlaşan digər məcburi köçkünlərlə yanaş Şuşadan olan 13 ailəni də diqqət və qayğı ilə əhatə edib. Onlara yeni salınan məktəb, uşaq bağçası və digər sosial infrastrukturla təmin edilmiş hər cür şəraiti olan şəhərcikdə mənzillər verilib.