Şirvan gəncləri könüllülük fəaliyyətində aktiv iştirak edirlər.
Gənclərimiz cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışına qoşularaq könüllülük fəaliyyətində aktiv iştirak edirlər. Bu çağırışlara cavab olaraq ölkəmizdə fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi(AKƏM) yaradılıb və bu mərkəz fəaliyyətini davam etdirməkdədir. Qısa bir zamanda bu mərkəz tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunublar. Onlar müxtəlif istiqamətlərdə aktiv fəaliyyət göstərirlər.
ASAN xidmət mərkəzlərində başlayan könüllülük hərəkatı artıq digər sahələrdə də geniş yayılmaqdadır. Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” 20 dekabr 2019-cu il tarixli Sərəncamı da çox böyük önəm daşıyır. Azərbaycanda könüllülük hərəkatının genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla xanım Əliyevanın da rolu çox böyükdür. Onların təşəbbüsü ilə həyata keçirilən bir çox layihələrə könüllü gənclər qoşulmuş və bu layihələrin həyata keçirilməsinə öz töhfələrini vermişlər.
Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində könüllülərin fəaliyyəti və fədakarlıqları danılmazıdır. Əhali ilə keçirilən maarifləndirici görüşlərdə könüllülər tərəfindən Şirvan şəhər sakinlərinə infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ərtaflı məlumatlar verilib, onlara xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri və evda qalmalarını tövsiyə edilib. Eyni zamanda könüllülər karantin zamanı yaşı 65-dən yuxarı tənha şəxslərin evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınmasına, müxtəlif ödənişlərin edilməsinə köməkliklər göstərmişdir. Könüllülər eyni zamanda "Böyüklərimizi qoruyaq” devizi altında şəhər ərazisində fiziki məhdudiyyəti olan insanların ünvanına baş çəkir, aztəminatlı və şəhid ailələri ilə görüşüb, onlara müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamalar çatdırırlar. Belə bir çətin və mürəkkəb məqamda Şirvan şəhərinin könüllüləri öz sinələrini önə verərək prosesdə aktiv iştirak ediblər.
Könüllülərin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də koronavirus infeksiyası səbəbindən yaranan qan qıtlığının aradan qaldırılması ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə karantin rejimi tətbiq edildiyindən qan qıtlığı yaranmışdı və qana ehtiyacı olan insanların həyatı təhlükə altında qalmışdı. Bu istiqamətdə könüllülər tərəfindən çox mühüm aksiyaya start verildi. Belə ki, 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi –Qan Bankı ilə birlikdə "Könüllü Donor” aksiyasına start verdi. Bu nəcib aksiya çərçivəsində Şirvan könüllüləri də Qan Bankının şəhərimizdə yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak ediblər.
Bu gün ölkəmizin gənclərinin-könüllülərimizin yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları, bu sahədə fəallıq göstərmələri onların hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə sədaqət hisslərinin əyani təsdiqidir. Harda köməyə, yardıma ehtiyac varsa, orda könüllülər görünür.Könüllülərin belə təşkilatlanması gənclərimizə vətənə, millətə sevgini artırır.
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva