Könüllülər-günümüzün əsl qəhrəmanları
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq könüllülərimiz hər zaman xalqımızın yanındadılar.
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.
Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi. 1985-ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən “Beynəlxalq Könüllülər Günü” kimi qeyd edilməsi təklif olunub.
Könüllülük bu gün milyonlarla insanın şəxsi və karyera inkişafına imkan yaradır, cəmiyyətin rifahına xidmət edir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar.
2019-cu il Gənclər günü münasibətilə keçirilən Respublika toplantısında cənab Prezident İlham Əliyev könüllülük fəaliyyətinin önəmini bir daha vurğulayaraq bütün sahələrə könüllülərin cəlb olunmasını tapşırıq kimi qarşıya qoydu. Bundan sonra artıq Beynəlxalq və ölkə səviyyəsində keçirilən tədbirlərlə yanaşı, bir çox qurumlarda, o cümlədən şəhər və rayonların İcra Hakimiyyətlərində, Gənclər Evlərində, Aqrar İnkişaf mərkəzlərində könüllülərin fəaliyyəti nəzərəçarpacaq dərəcədə artdı və fəaliyyətdə olan könüllülər ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında aktiv iştirak etməyə başladılar.
Cənab Prezidentimiz İlham Əliyevin gənclərin könüllü fəaliyyəti ilə bağlı fikirlərində qeyd olunduğu kimi.....”Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və könüllülərin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz.. Həqiqətən də ölkəmizdə Beynəlxalq miqyaslı tədbirlərin, idman yarışlarının keçirilməsində könüllü gənclərin böyük rolu vardır.
Ölkəmizdə günü-gündən inkişaf edən könüllülük hərəkatı Gənclər Evlərinin də fəaliyyətində ön plana çıxır. Şirvan Gənclər Evinin fəaliyyətə başladığı ilk gündən könüllülük fəaliyyəti prioritet məsələ kimi qarşıya qoyulmuş, gənclərin könüllü fəaliyyətə cəlb olunması istiqamətində müxtəlif təlim və seminarlar təşkil olunmuşdur. Gənclər Evində könüllü olan hər bir gəncin qarşısına qoyduğumuz əsas məqsəd könüllülükdə keçən vaxtdan düzgün istifadə etmək, bir gənc olaraq inkişaf etmək, dövlətimiz üçün layiqli vətəndaş kimi yetişməkdir. Könüllülərin dünyagörüşünün inkişafı, dil biliklərinə yiyələnməsi, məntiqi biliklərinin artırılması, Gənclər Evindən lazımi səviyyədə yararlanması üçün hər cür şərait yaradılıb, bir sıra təlim və seminarlar, layihələr təşkil olunur. Bu da o deməkdir ki, gənclər könüllü olaraq həm çalışır, həm öyrənib inkişaf edir və həm də gələcəyini qururlar.
Şirvan Gənclər Evinin könüllüləri ölkəmizin və şəhərimizin ictimai-mədəni həyatında daim aktiv iştirak edirlər. Beləki, 2020-ci ilin mart ayına qədər müxtəlif fəaliyyətlərdə aktiv iştirak edən könüllülər pandemiya dövründən sonra daha fəal olmağa, çətin günlərdə xalqımıza yaralı olmağa çalışdılar. COVİD- 19 pandemiyasına görə karantin elan olunduqdan sonra Şirvan Gənclər Evinin könüllüləri qruplara ayrılaraq ilk öncə şəhər ərazində insanlar arasında maarifləndirmə və virusdan qorunma üsulları barədə məlumatlandırma işləri apardılar. Bundan sonra şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə aztəminatlı ailələr üçün ayrılan ərzaqların paylanmasında könüllülər xüsusi aktivliklə iştirak etdilər. Paralel olaraq şəkərli diabed xəstələri üçün ayrılan dərmanlar aprel ayı ərzində könüllülər tərəfindən evlərində onlara çatdırıldı. Bununla da həm xəstəliyi olan insanlara yardım etmiş oldular və həm də bir çox şəhər sakininin evdəqal aksiyasına qoşulamasına zəmin yaratdılar. Bütün bunlarla yanaşı bir qrup könüllər aztəminatlı, işsiz insanlar üçün nəzərdə tutulan yardımın verilməsi üçün qeydiyyatın aparılması, habelə müxtəlif çətinliklərlə üzləşən insanların problemlərinin həllinə yardım etmək məqsədilə aprel ayı ərzində Məşğulluq mərkəzinin əməkdaşlarına köməklik göstərdilər. Könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərdilər. Talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin fəaliyyəti danılmazdır. Könüllülər Şirvan şəhər Mərkəzi Xəstəxanasının Qan Bankında təşkil olunan qanvermə aksiyasında fəal iştirak etmişlər.
Əslində hər bir insan öz həyatının könüllüsüdür. Yəni insan özü üçün nələrsə etdikdə qarşılığında özündən mənfəət gözləmir, özünün inkişafını və yaxud özünün nəsə əldə etməsi üçün bunu edir. Lakin hər hansı bir sahədə könüllü fəaliyyətlə məşğul olmağın insanın özü üçün könüllü nələrsə etməkdən bir fərqi var. O da etdiyi işin özü üçün yox, digərləri üçün nəzərdə tutulması və əldə etdiyinin özü ilə bərabər digərlərinə də xeyirli olmasıdır. Könüllü fəaliyyət növü yeganə fəaliyyət növüdür ki, görülən işin ağır və ya yüngül olmasına baxmayaraq bir adla adlandırılır – KÖNÜLLÜ!
Azərbaycan gəncliyi, bütün könüllülər ordusu inanır ki, müstəqil və qüdrətli Azərbaycanımız hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində böyük uğurlara imza atmağa davam edəcək və daim zirvələrdə olacaqdır!
Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov