Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ramazan bayramı münasibəti ilə şəhər sakinlərini təbrik edib.
Əziz Şirvanlılar,
Sizi və xalqımızı mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi çatdırıram.
İnsanları xeyirxahlığa, birliyə və mənəvi kamilliyə dəvət edən Ramazan ayı dünya müsəlmanları üçün ən əziz və müqəddəs aydır. Bu ayda oruc tutmaqla insanlar mənəvi-ruhi ucalığın, əxlaqi təmizliyin, şəfqət və mərhəmət hissinin sevincini yaşayır, Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirməklə mənəvi zənginliyə yiyələnməyin fürsətini əldə etmiş olurlar.
2020-ci ildə Ramazan ayının bütün dünyanın qarşılaşdığı koronavirus pandemiyası ilə mübarizə dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın sağlamlığının qorunması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün bütün lazımi imkanlardan istifadə olunmuşdur. Eyni zamanda xalqımız koronavirus pandemiyası ilə mübarizədə sosial yardımlaşma nümayiş etdirməklə öz milli-mənəvi dəyərlərinə sadiqliyini və həmrəyliyini göstərmişdir. Əminəm ki, xalqımızın nümayiş etdirdiyi bu birlik və bərabərlik qarşılaşdığımız çətinliyin öhdəsindən layiqincə gəlməyə kömək edəcəkdir.
Həmişə milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilən Şirvanlıları bir daha bayram münasibəti ilə təbrik edir, oruc və ibadətlərinizin qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, xalqımıza xoşbəxtlik və xeyirli-bərəkətli günlər arzulayıram.
Ramazan bayramınız mübarək olsun!
Hörmətlə,
İlqar Abbasov