Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinin içməli və tullantı su şəbəkələri yenidən qurulur

09 iyun 2020 | 16:00

“Azərsu” ASC Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Şirvan şəhərində istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır. Hazırda şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri həyata keçirilir.
   “AZƏRTAC” xəbər verir ki, içməli su təchizatı sektorunda həyata keçirilən böyük infrastruktur layihələrindən olan Şirvan-Muğan qrup su kəmərinin istifadəyə verilməsi bir sıra yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasında əlverişli imkanlar yaradıb. 2013-cü ildə Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsindən sonra şəhərdaxili şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib. Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində şəhərin bir hissəsinin içməli su şəbəkəsi yenilənib. Ümumilikdə indiyədək şəhərdə 60 kilometrdən çox içməli su, 7 kilometrədək kanalizasiya xətləri çəkilib və 11 minədək ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Hazırda şəhərin içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması və genişləndirilməsi işləri mərhələlərlə davam etdirilir.
    Bu il icra olunan layihə çərçivəsində Bağlar evləri yaşayış massivində 14 kilometrdən çox içməli su şəbəkəsinin qurulması və 2 minədək abonentin dayanıqlı içməli su ilə təmin olunması nəzərdə tutulub. Eyni zamanda, Yeni şəhər massivində müxtəlif diametrli borularla 3 kilometrədək kanalizasiya şəbəkəsi qurulacaq. Hazırda bu ərazilərdə nəzərdə tutulmuş işlərin 50 faizə qədəri icra olunub və cari ilin sonunadək işlər yekunlaşacaq.

Şəhərdə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi növbəti illərdə davam etdiriləcək. Şirvan şəhərində ümumilikdə 257 kilometr içməli su və 228 kilometr tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Eyni zamanda, şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 19 min kubmetr olan 2 su anbarı inşa ediləcək. Şirvan şəhərində formalaşan tullantı sularının kənarlaşdırılması məqsədilə layihə çərçivəsində tullantı sutəmizləyici qurğular kompleksinin tikintisi nəzərdə tutulub. Bu qurğuda gələcəkdə Hacıqabul şəhərinin də tullantı suları təmizlənəcək.                                            

Keçidlər