Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təbriki.

14 iyun 2020 | 16:00

Əziz şirvanlılar,
    15 iyun Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Tariximizə Milli Qurtuluş Günü olaraq daxil olmuş 15 iyun–əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən alnı açıq çıxdığı bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu öndər Heydər Əliyev olmuşdur.
    1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyət gərginləşdi, ölkədə hakimiyyət boşluğu yarandı, rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə daha da kəskinləşdi. 1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə dayandı. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə xalq yeganə çıxış yolunu xilaskar kimi Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü.
    Ulu öndər Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, ölkədə sabitlik təmin edildi. Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı. Ordu quruculuğunda mühüm addımlar atıldı. “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi. İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu. Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu. 
    Ulu öndərin yaradtdığı dövlətçilik ənənələrinin cənab prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində bugün Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi böyük nüfuz qazanıb. Ulu öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqillik cənab prezident İlham Əliyevin uğurlu siyasəti və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirilib, ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib və hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.
     Əziz şirvanlılar,
   Sizləri 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, müstəqil dövlətimizə firavan və parlaq gələcək arzulayıram!                                                                                                                                         

Keçidlər