Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyəti yanında Operativ Qərərgahın növbəti video-müşavirəsi keçirilib.

04 iyul 2020 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə keçirilən videomüşavirədə Şirvan şəhər prokuroru Fuad Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Şivan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Şirvan şəhər Polis Şöbəsinin rəisi Hikmət Quliyev, 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fuad Mahmudov, Şirvan Regional Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsini icra edən Rəşad Nuriyev, şəhər İcra Hakimiyyətinin məsul işçiləri, İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, səhiyyə müəssisələrinin rəhbərləri, şəhər və qəsəbə bələdiyyələrinin sədrləri iştirak edib.
   Video-müşavirədə giriş sözü ilə çıxış edən İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması və xalqımızın bu bəladan az itkilərlə xilas olması ilə bağlı ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən atılan addımlar, verilən müdrik qərarlar Azərbaycan xalqının rifahı üçün nəzərdə tutulmuşdur. Belə ki, pandemiya zamanı ölkə prezidentinin keçirdiyi müşavirələr, tibb müəssisələrinə və tibbi avadanlığa artan təlabatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili, vətəndaşlara ayrılan sosial yardımlar, tətbiq olunan vergi güzəştləri, sahibkarlara göstərilən dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar çətin karantin günlərində ölkə vətəndaşlarına göstərilən böyük diqqət və qayğının bariz nümunəsidir.
   İlqar Abbasov müşavirə iştirakçılarının nəzərinə çatdırıb ki, koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə uyğun olaraq şəhər ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi üçün Şirvan şəhər İcra Hakimiyyəti başçısının 19 mart 2020-ci il tarixli 54 nömrəli Sərəncamına əlavə və dəyişikliklər edilmişdir. Belə ki, xəstəliyə yoluxma dinamikasının yüksəldiyini nəzərə alaraq sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması, insanlar arasında sosial məsafənin gözlənilməsi, lazımi fərdi qoruyucu vasitələrdən(maska) və dezinfeksiyaedici maddələrdən istifadə olunması, həmçinin şəxsi gigiyena tələblərinin gözlənilməsi məqsədi ilə şəhər İcra Hakimiyyəti, vergi və hüquq-mühafizə orqanları nümayəndələri, həmçinin yaradılmış mobil qruplar tərəfindən əhali arasında maarifləndirmə işi gücləndirilmiş iş rejimində davam etdiriləcək, eyni zamanda şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə reydlər keçiriləcəkdir. İlqar Abbasov xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara riayət etməyən hüquqi və fiziki şəxslərin inzibati qaydada cəzalandırılacağını, həmçinin cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.
   Video-müşavirədə yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində şəhər ərazisində görülən işlər barədə ətraflı məlumat verilib, həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürülüb. Yoluxma riskini nəzərə alaraq dəfn mərasimləri istisna olmaqla insanların kütləvi şəkildə yas mərasimlərində iştirakının qarşısının alınması və məscidlərdə kütləvi şəkildə dini ayinlərin icra olunmaması istiqamətində müvafiq tədbirlərin görülməsi, müxtəlif bank filiallarında və ödəmə terminallarında, xəstəxanalarda vətəndaşlar arasında sosial məsafəni saxlamaqla növbəlilik sisteminin tətbiq edilməsi, taksi fəaliyyəti ilə məşğul olan avtonəqliyyat vasitələrində və ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılması, taksilərdə sərnişinlərin yalnız arxa oturacaqlarda əyləşməsi və birmənalı olaraq sürücü və sərnişinlərin fərdi qoruyucu vasitələrdən(maska) istifadə etməsi və digər həlli vacib məsələlər müzakirə edilmişdir.
   İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirənin sonunda bildirib ki, ölkə prezidentinin rəhbərliyi altında pandemiyaya qarşı həyata keçirilən taleyüklü və məsuliyyətli vəzifələr uğurla həyata keçiriləcək və önləyici tədbirlər sayəsində xalqımız bu bəladan az itkilərlə çıxmağı bacaracaqdır. Vətəndaş olaraq hər birimizin borcu belə bir həssas dönəmdə keçirilən tədbirlərə dəstək göstərməklə dövlətimizlə həmrəy olmaq, birlik və bərabərlik nümayiş etdirərək sanitar-gigiyenik tələblərə və xüsusi karantin rejiminin qaydalarına riayət etməklə həm özümüzü, həm də ətrafımızda olan insanları və yaxınlarımızı qorumaqdır.

Keçidlər