Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümüdür.

07 iyul 2020 | 16:00

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi halda, Ermənistan buna məhəl qoymur. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər.
   İyulun 7-si Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərənin və ətraf kəndlərin işğalından 27 il ötür. Ağdərə rayonu, Dağlıq Qarabağdakı bir çox ərazilər kimi, Qarabağ müharibəsinin başlanğıcında erməni silahlı qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ildə Azərbaycan Ordusunun hücumu nəticəsində Ağdərə rayonu ərazisinin bir çox hissəsi erməni işğalçılarından azad edilir. Bir il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. 1993-cü il 7 iyul tarixində Ağdərə şəhərini və rayonun bir çox kəndlərini ermənilər yenidən işğal edir. Hal-hazırda Ağdərə rayonunun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla, bir çox əraziləri ermənilərin nəzarəti altındadır.
   Qeyd edək ki, 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Bu göstərici üzrə Ağdərə azərbaycanlı əhalinin sayına görə, Şuşadan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olan beş inzibati rayondan biri idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində, Azərbaycan xalqına məxsus mədəni irs talan edilib və infrastrukturu dağıdılıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq, evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb.
Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu, işğal altında olan torpaqlarımızı sülh yolu ilə azad etmək siyasətini ardıcıl davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məsələ ilə bağlı atdığı qətiyyətli addımlar, həyata keçirdiyi tədbirlər bunu bir daha təsdiq edir. Məcburi köçkünlərə, o cümlədən ağdərəlilərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Onlar hər cür şəraiti olan yeni mənzillərlə təmin edilir.
   Həyata keçirilən bu siyasət yerlərdə də davam etdirilir. Şirvan şəhər İcra Hakimiyyəti də şəhərdə məskunlaşan digər məcburi köçkünlərlə yanaş Ağdərədən olan 2 ailəni də diqqət və qayğı ilə əhatə edib. Onlara yeni salınan məktəb, uşaq bağçası və digər sosial infrastrukturla təmin edilmiş  hər cür şəraiti olan şəhərcikdə mənzillər verilib. Onlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Keçidlər