22 iyul – Azərbaycan Milli Mətbuat və Jurnalistika Günüdür
Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 145 il ötür. Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 30 iyun 2020-ci il tarixli Sərəncamı dövlətin mətbuata növbəti qayğısının təzahürüdür.
Əsası böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan Milli Mətbuatı yarandığı 145 il ərzində çox zəngin və şərəfli inkişaf yolu keçmişdir. İki il ərzində 56 nömrəsi işıq üzü görən "Əkinçi"nin nəşri o zaman bütün Qafqazda əks-səda doğurmuşdu. “Qəzetin muradı xalqın gözünü açmaqdır” deyən Həsən bəy Zərdabinin məqsədi xalqı nadanlıqdan, savadsızlıqdan xilas etmək, ədəbi dilimizi inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi qorumaq, ictimai şüuru formalaşdırmaq idi. Qısa bir zamanda “Əkinçi” qəzetinin ətrafında dövrün mütərəqqi ziyalıları toplandı və qəzeti özləri üçün mübarizə mərkəzinə çevirdilər. Xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynaması, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etməsi sonda qəzetin fəaliyyətin dayandırılması ilə nəticələndi.
Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra XIX əsrin sonlarında "Ziya", "Kəşkül", "Kaspi" qəzetləri, XX əsrin əvvəllərində isə "Molla Nəsrəddin", "Şərqi-rus", "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxmışdır.
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra milli mətbuatımız azadlıq ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesinin fəal iştirakçısı olmuşdur. Həmin dövrdə söz və mətbuat azadlığını təsbit edən hüquqi sənədlər qəbul edilmiş, Üzeyir bəy və Ceyhun Hacıbəylinin rəhbərliyi ilə “Azərbaycan” qəzeti fəaliyyətə başlamışdır. Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olduğu iki il ərzində ölkədə 129 qəzet və jurnal nəşr olunmuşdur.
Müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynamış, hətta sovet dövrünün məlum ideoloji buxovları və sərt senzurasının hökm etdiyi illərdə belə özünün başlıca missiyasını yerinə yetirərək maarifçi düşüncənin genişlənməsinə, xalqımızın milli-mədəni inkişafına öz töhfələrini vermişdir.1969-cu ilin 14 iyulunda Ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratmışdır. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyişə səbəb oldu. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rol oynadı.
Dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, demokratik, azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi üçün geniş imkanlar yarandı. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verdi. Azərbaycan Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmaşdırdı.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə, ölkənin çətin vəziyyətində yenidən hakimiyyətə qayıdışı ilə, cəmiyyət həyatının digər sahələri kimi, Azərbaycan mətbuatının da yeni inkişaf dövrü başlandı. Ulu öndərin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi azad sözün, mətbuatın inkişafına ciddi təkan verdi. 2003-cü ildə Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa müvəffəq oldu, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərdi.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addım idi. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərə fəxri adların verilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Hazırda respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Söz və mətbuat azadlığının təmin olunması sahəsində məqsədyönlü şəkildə həyata keçirilmiş siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa Ölkələri arasında lider mövqelərdən birini tutur.
145 illik tarixi inkişaf yolu keçmiş milli mətbuatımızdan gözləntilərimiz qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə Azərbaycan xalqının maraqlarını daim müdafiə etmək, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməkdir. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik ruhunun, vətəndaş həmrəyliyinin, milli şüurun formalaşmasına xidmət etməlidir. Xüsusilə cəbhə bölgəsində baş verən təxribatlara və dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə apardığımız hazırki həssas şəraitdə jurnalistlərin üzərinə daha böyük məsuliyyət düşür. Buna görə də jurnalistlər obyektiv, qərəzsiz, diqqətli olmalı, peşə etikasını uca tutmalı, demokratik, şəffaf informasiya mühitinin yaradılmasına öz töhfələrini verməlidirlər.
Beləliklə, demokratiyanın təməl prinsipləri olan söz və fikir azadlığının uca tutulduğu bir gün-Milli Mətbuatımızın yaranmasının 145 illik yubileyi münasibəti ilə bütün mətbuat işçilərini təbrik edir, onlara çətin, məsuliyyətli və şərəfli işlərində yeni-yeni uğurlar arzulayırıq!