Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənclərimiz hər zaman dövlətimizin və dövlət başçımızın yanındadır" mövzusunda onlayn videokonfrans keçirilib.

07 avqust 2020 | 16:00

Şirvan şəhər Gənclər və İdman idarəsinin təkilatçılığı ilə keçirilən videokonfransda Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, YAP Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Şirvan şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov və şəhərin ictimai həyatında fəallığı ilə seçilən gənclər iştirak edib.
   Videokonfransı giriş sözü ilə açan Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyev bu gün dövlət başçısının qayğısı altında olan Azərbaycan gəncliyinin öz liderinə inandığını, güvəndiyini və daim onun yanında olduğunu bildirib. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğu bəllidir. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir, onun yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür.
   Daha sonra YAP Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev, Şirvan şəhər İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva və Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış ediblər. Natiqlər son günlər ölkəmizin sərhədində mənfur qonşularımızın törətdiyi təxribatlardan, ordumuzun cəsur zabit və əsgər heyətinin düşmənə layiqli cavab addımlarından və bu çətin günlərdə xalqın birliyindən danışıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında səfərbər olan ordumuz vətənimizin müdafiəsində həmişə ayıq-sayıqdır, əsgərindən tutmuş ən yüksək rütbəli zabitinə qədər hər bir hərbçimiz vətən, torpaq yolunda canından belə keçməyə hazırdır. Son döyüşlərdə qəhrəmanlıqla həlak olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi yüksək hazırlıqlı zabitlərimizi itirdiyimizi xatırladan çıxışçılar onların və digər şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını vurğulayıb.
   Videokonfransda iştirak edənlər əminliklə bildiriblər ki, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər, bütöv və müstəqil Azərbaycan naminə yorulmadan, əzimlə, fəxrlə, xoşagəlməz hallara qarşı mübarizədə, eyni zamanda dövlətimizin zirvələrə doğru irəliləməsində bundan sonra da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşəcək!

Keçidlər