Şirvanda mobil təbliğat qruplarının fəaliyyəti daha da gücləndirilir
Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Şirvan şəhərində də təxirəsalınmaz tədbirlər davam etdirilir.
Şirvan şəhər İcra Hakimiyyəti koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə insanları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırır. Bu məqsədlə mobil təbliğat qruplarının imkanlarından səmərəli istifadə edilir. Mobil təbliğat qruplarının üzvləri xəstəliyin əlamətləri, sosial məsafənin gözlənilməsi, şəxsi gigiyena qaydalarına riayət edilməsi, tibbi maskalardan istifadə qaydaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları, hər cür ehtiyat tədbirləri görmələri barədə əhali arasında maarifləndirmə işləri aparırlar.
Sakinlərə izah edilir ki, koronavirus (COVİD-19) infeksiyasına yoluxma halı aşkar edildiyi halda, dərhal xəstəxanaya müraciət edilməli, onunla təmasda olan bütün insanlar, o cümlədən ailə üzvləri dərhal testdən keçirilməli və testin nəticəsindən asılı olmayaraq 14 (on dörd) gün müddətində təcrid olunmalı, təcrid olunmuş şəxslər 14 (on dörd) gün sonra təkrar test olunmalı və nəticəsindən asılı olaraq ambulator-proflaktik müəssisə tərəfindən müvafiq qərar verilməlidir.
Mobil təbliğat qrupları əhali ilə yanaşı şəhərdə fəaliyyət göstərən ticarət, ictimai iaşə obyektlərində də lazımi maarifləndirmə tədbirləri həyata keçirir. Sahibkarları, ticarət və ictimai iaşə xidmətlərindən istifadə edən sakinləri Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qərar, tövsiyə və tapşırıqlarını yerinə yetirməyə, satıcılar və alıcılar arasında sosial məsafənin gözlənilməsinə, maskalardan istifadə edilməsinə, mütəmadi dezinfeksiya işlərinin aparılmasına ciddi riayət edilməsini tövsiyə edir, qaydalara əməl etməyənlərin inzibati qaydada məsuliyyətə cəlb ediləcəyini bildirirlər.
Şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük razılıqla qarşılanır, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ölkəmizdə koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlik tapşırıq və tövsiyələrinin yerinə yetirilməsinə böyük töhfə kimi dəyərləndirilir.