Şirvan şəhər İcra Hakimiyyətində növbəti video-müşavirə keçirilib.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun sədrliyi ilə video-müşavirə keçirildi. Müşavirədə hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul əməkdaşları, icra nümayəndələri, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Video-müşavirədə giriş sözü ilə çıxış edən İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tələblərinə uyğun olaraq koronavirus(COVİD-19) infeksiyasına qarşı mübarizə sahəsində Şirvan şəhərində həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, dezinfeksiya işlərindən, mobil təbliğat qruplarının fəaliyyətindən, şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Opeativ Qərargahın ticarət və xidmət obyektlərində keçirdiyi reydlər və onların nəticələri, inzibati tədbirlər barədə geniş məlumat verdi.
Sonra avqust ayının 21-də Məhərrəmlik ayının ilk günü, 30 avqust tarixinin isə Aşura günü olduğunu qeyd etdi. Ölkəmizdə dini mərasimlərin keçirilməsinə dövlət səviyyəsində lazımi şəraitin yaradıldığını bildirdi. Lakin dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar başqa ölkələrdə olduğu kimi respublikamızda da Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi tədbirlərin, o cümlədən dini mərasimlərin keçirilməsinin əhalinin sağlamlığına və təhlükəsizliyinə ciddi fəsadlar törədə biləcəyini nəzərə alaraq, həmin tədbirlərin keçirilməməsi barədə qərar qəbul etmişdir. Qərar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də müsbət qarşılanmış, Məhərəmlik ayı ilə bağlı mərasimlərin hər kəsin öz evində keçirməsi məqsədəmüvafiq hesab edilmişdir. Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri də bu barədə dövrü mətbuatda, kütləvi informasiya vasitələrində çıxış edərək əhalini karantin rejiminin tələblərinə əməl etməyə, vəziyyəti anlayışla qarşılamağa çağırmışlar.
Sonra Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov həlli vacib olan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarının rəhbərlərinə, məsul əməkdaşlara müvafiq tapşırıq və tövsiyyələr verdi.