Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərinə nəzarət gücləndirilir.
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 19, 20 və 26 avqust 2020-ci tarixlərində aidiyyatı xidmət təşkilatlarının rəhbərləri və İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birgə şəhər ərazisində aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə, Heydər Əliyev meydanında, Heydər Əliyev adına parkda, nümunəvi məhəllələrdə, park və xiyabanlarda, Uşaq-Əyləncə mərkəzlərində sakinlərin rahatlığı, istirahəti üçün salınmış yaşıllıqların, gül-çiçək sahələrinin və istirahət guşələrinin qorunub saxlanılmasının vəziyyəti ilə yerində tanış oldu.
Ərazilərə baxış zamanı həlli vacib olan bir sıra nöqsan və problemlər aşkar edildi. İcra başçısı Əlillərin Bərpa Mərkəzinin ətrafındakı ərazilərin daim təmiz saxlanılması, əraziyə məişət tullantıları konteynerlərinin qoyulması, park və xiyabanlarda təmizliyə riayət edilməsi ilə bağlı lövhələrin vurulması, Uşaq-Əyləncə mərkəzinin fəaliyyətinin tənzimlənməsi, park və xiyabanlarda, piyada səkilərində çökən, qopan və sınan bardyur və tamet örtüklərin dəyişdirilməsi, yaşıllıqların su təminatının yaxşılaşdırılması məqsədilə yeni su xətlərinin çəkilməsi, park və xiyabanlarda işıqlanma xətlərinin yenilənməsi və digər məsələlərlə bağlı görüləcək işlər barədə aidiyyatı xidmət təşkilatlarının rəhbərlərinə zəruri tapşırıqlar verdi.
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əraziləri gəzərkən ona yaxınlaşıb müraciət edən vətəndaşları sosial məsafə gözlənilməklə qəbul edib, dinlədi. Həmin vətəndaşların müraciətlərinin araşdırılıb, həlli istiqamətində İcra Hakimiyyətinin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verdi.
Sakinlər şəhərdə gedən abadlıq-quruculuq işlərinə, müraciətlərinə həssaslıqla yanaşıldığına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.