Şirvan şəhərində son günlər koronavirusa yoluxma faktlarının intensivliyinin artmasının tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib.
TƏBİB-in işçi qrupu monitorinq məqsədi ilə Şirvan şəhərinə ezam olunub, Şirvan şəhər Mərkəzi Xəstəxanası və şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.
Belə ki, daha ciddi preventiv tədbirlərin görülməsi üçün ÜST-ün baş epidemioloqunun son tövsiyələri və indiyədək əldə olunmuş təcrübə nəzərə alınaraq bütövlükdə Şirvan şəhərinin deyil, yoluxma mənbəyinin lokal qapanması barədə qərar qəbul edilib. Zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılıb. Bu zaman, xəstəxanada əvvəlcədən müalicə alan xəstələrin müalicəsi davam etdiriləcək, yeni müraciət edən xəstələrə ambulator və stasionar xidmətlərin göstərilməsi ətraf rayonların xəstəxanalarında təmin ediləcəkdir.