Şirvan şəhəri ərazisində sanitar-epidemioloji vəziyyətə nəzarət tədbirləri gücləndirilir.
28 avqust 2020-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyətində şəhər İcra Hakimiyyəti yanında Operativ Qərargahın növbəti iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, son günlər ərzində Şirvan şəhəri ərazisində koronavirus infeksiyasına yoluxma göstəricilərinin artması səbəbindən 28.08.2020-ci il tarixində TƏBİB-in işçi qrupu Şirvan şəhərinə ezam olunub, Şirvan şəhər Mərkəzi Xəstəxanası və şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, zəruri izolyasiya və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədilə Şirvan şəhər Mərkəzi Xəstəxanası, eləcə də Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzinə xəstə qəbulu müvəqqəti olaraq dayandırılmış və gücləndirilmiş karantin rejimi qaydaları tətbiq edilmişdir. Qeyd edilən səhiyyə müəssisələrində və Birləşmiş Uşaq Xəstəxanasının Poliklinika şöbəsində dezinfeksiya işləri aparılmış, həmin xəstəxanalarda çalışan həkim, orta tibb işçisi və kiçik tibb işçiləri müayinələrə cəlb edilmiş və zəruri test nümunələri götürülmüşdür. TƏBİB-in qərarı ilə növbəti mərhələdə test nəticələrindən asılı olmayaraq həmin xəstəxanalarda çalışan işçilərin ev təcridinə alınması nəzərdə tutulmuşdur.
İcra Hakimiyyətinin başçısı bildirib ki, hazırda koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Şirvan şəhəri ərazisində zəruri və qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir. Belə ki, gün ərzində şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən, eyni zamanda xüsusi texnikaların köməkliyi ilə şəhər ərazisində profilaktik dezinfeksiya tədbirləri davam etdirilib. Xüsusi qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlullarla təmin edilmiş işçi heyəti tərəfindən ictimai yerlərdə ümumi istifadə edilən səthlərdə təmizlik işləri aparılıb, şəhərin prospekt və küçələrində, park və xiyabanlarda, yaşayış binalarının giriş bloklarında, avtomobil dayanacaqlarında dezinfeksiya tədbirləri qaydalara uyğun şəkildə davam etdirilib. Dezinfeksiya tədbirlərinin ardıcıl olaraq davam etdirilməsi nəzərdə tutulub.
İclasda qeyd olunub ki, Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və qəsəbələr üzrə hər biri 4 nəfərdən ibarət olmaqla yaradılmış 35 mobil qrup tərəfindən yaşayış məntəqələrində əhali arasında aparılan profilaktik-maarifləndirici söhbətlər davam etdirilir, onlara yazılı təbliğat materialları təqdim edilir. Sakinlərlə maarifləndirici söhbətlər zamanı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, sosial məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur.
Həmçinin mobil qrup üzvləri şəhər Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə COVID-19 infeksiyasına yoluxması təsdiq edilmiş vətandaşların yaşadığı ərazilərdə olub, qonşuluqda yaşayan sakinlərlə tibbi-profilaktik və maarifləndirici söhbətlər aparıblar. Qonşularla aparılan söhbət zamanı onlara xüsusi karantin rejiminin qaydalarına, özünütəcrid və izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etmələri tövsiyə edilib. Tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi qeyd edilib .
Hazırda infeksiyaya yoluxma riskini azatmaq məqsədi ilə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı əsasında bütün aidiyyatı qurumlar tərəfindən lazımi tədbirləri görülür, şəhər ərazisində sanitar-epidomoloji vəziyyət ciddi nəzarət altında saxlanılır.
İclasın yekunu olaraq şəhər İcra Hakimiyyətinin başçısı, Operativ Qərargahın sədri İlqar Abbasov tərəfindən şəhər ərazisində sanitar-epidomoloji vəziyyəti nəzarətdə saxlamaq məqsədi ilə aidiyyəti qurumların rəhbərlərinə aşağıdakı tapşırıqlar verilmişdir.
1.Sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması, 2 metrlik məsafənin gözlənilməsi və xüsusi qoruyucu maskalardan istifadə edilməsi ilə əlaqədar mobil qruplar tərəfindən ictimai-iaşə və ticarət obyektlərində əhali arasında maarifləndirmə işi gücləndirilmiş iş rejimində davam etdirilsin.
2.Evdə təcrid olunmuş tibb işçiləri, evdə müalicəyə cəlb olnmuş şəhər sakinləri və onların qonşuları ilə tibbi-profilaktik və maarifləndirici söhbətlərin aparılması, onların xüsusi karantin rejiminin qaydalarına, özünütəcrid və izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etmələri məqsədi ilə şəhər Polis Şöbəsi əməkdaşlarının və mobil qrupların iştirakı ilə reydlər təşkil edilsin, gün ərzində həmin şəxslərlə telefon əlaqələri yaradılsın, daşıdıqları məsuliyyət dərəcəsi barədə məlumatlar verilsin.
3.Şəhərin ictimai-iaşə və ticarət obyektlərində qida təhlükəsizliyi və sanitar-epidemioloji normalara əməl olunmasına nəzarət tədbirləri davam etdirilsin, sahibkarlara bu sahədə qanunvericiliyin tələbləri izah edilsin, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyyələr verilsin.
4. Şirvan şəhər Mərkəzi Xəstəxanası Püblik hüquqi şəxsin direktoru Fərhad Səfərov və Şivan Müalicə Diaqnostika Mərkəzi Publik hüquqi şəxsin direktoru Nəsib Səhratov hazırda rəhbərlik etdikləri tibb müəssisələrində təcrid olunmuş tibb işçiləri barədə, onların qidalanması, sağlamlıqlarının vəziyyəti və götürülmüş test nümunələrinin nəticəsi barədə mütəmadi olaraq şəhər İcra Hakimiyyətinə məlumat versinlər.
5.Şəhər ərazisində sanitar-epidemioloji vəziyyəti nəzarət altında saxlamaq məqsədi ilə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin sanitar işçiləri tərəfindən şəhər ərazisində profilaktik dezinfeksiya tədbirləri davam etdirilsin.
6. Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru xüsusi karantin rejimi müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgah tərəfindən verilmiş tövsiyyə və tapşırıqlar, eyni zamanda şəhər ərazisində həyata keçirilən profilaktik tədbirlərlə bağlı məlumatların mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında və rəsmi internet saytında yayımlanmasını təmin etsin.